“Khazar Islands”ın bir hissəsi 3 aydan sonra açılacaq
06 iyun 2013 15:07 (UTC +04:00)

“Khazar Islands”ın bir hissəsi 3 aydan sonra açılacaq

Hacı İbrahim Nehrəmli 100 milyard dollarlıq layihə barədə danışdı

“Avesta” konserninin və Azərbaycan Motorlu Qayıq Assosiasiyaları Federasiyasının prezidenti Haci İbrahim Nehrəmli Bakı Qran-Prisi və “Khazar Islands” layihəsi barədə açıqlamalar verib. Lent.az-ın məlumatına görə, Nehrəmli jurnalistlərə bildirib ki, Xəzər dənizində salınan 100 milyard dollarlıq “Khazar Islands” adlı şəhərcik dünyanın ən böyük layihəsi olacaq.

İ. Nehrəmli “Khazar Islands”ın bir hissəsinin 3 aydan sonra açılacağını bildirib. Orada 5 kilometr uzunluqda və 4 kilometr enində olan göl yaradılacaq. Həmin göldə gələn ildən motorlu qayıq yarışları keçirmək mümkün olacaq. Hazırkı yarış isə 6-7 iyulda Dənizkənarı Bulvar yaxınlığında baş tutacaq. Ümumilikdə isə 40 milyon kvadrat metr ərazini əhatə edəcək “Khazar Islands”da 1 milyon əhali yaşaya biləcək.

Şirkət prezidentinin sözlərinə görə, bu ərazi 78 adadan ibarət olacaq. “Khazar Islands”ın 150 km uzunluğunda və 130 metr enində bulvarı olacaq ki, bu da dünyada ən böyük bulvar sayılacaq. Yollar asfaltdan yox, qranitdən ibarət olacaq. Üstəlik, 7 gediş və 7 gəlişli yol da salınacaq.

İ. Nehrəmli bildirib ki, layihə 4 fazadan ibarətdir. Artıq ilk faza çərçivəsində 6 adada iş başlanılıb və 1,5 milyard manat xərclənib. 2017-ci ildə başa çatdırılması nəzərdə tutulan ilk fazaya daha 8.5 milyard manat xərclənəcək. 2-ci faza 2022-ci ildə, 3-cü faza 2025-ci ildə, sonuncusu isə 2030-cu ildə yekunlaşacaq. Adaların ərazisində 500-dək restoran salınacaq. Bu layihə işə düşəndən sonra 20 milyona qədər turistin ölkəmizə gəlişi gözlənilir. Burada insanlar 1 adadan digərinə motorlu qayıqlarla, katerlərlə və ya yaxtalarla hərəkət edə biləcəklər.

Şirkət prezidenti “Khazar Islands” layihəsinin ideyasının necə yaranmasından da danışıb: “2010-cu ildə Dubaydan Bakıya qayıdarkən Xəzər dənizində belə bir layihəni həyata keçirmək ideyası yarandı. Yeni layihəni beynimdə cızdım, kağıza köçürmək istədim. Amma qələmim olsa da, kağızım yox idi. Bu zaman bir köynək aldım və onun kartonunu çıxaraq, üzərində layihəni cızdım. Bu layihədə nə Osmanlı, nə də digər ölkələrə məxsus üslubdan istifadə olunub. Layihə sırf xalça formasındadır və 2010-cu ilin martın 15-dən həyata keçirilməyə başlayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3479
avatar

Oxşar yazılar