“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır!” layihəsinin icrasına başlayıb.
Lent. az - ın verdiyi məlumata görə, layihənin məqsədi regionlarda vətəndaşlar arasında ictimai davranış qaydalarının təbliği, region gənclərini ətraf aləmə, cəmiyyətə daha həssas və diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və koordinasiya etməkdir.
Məqsəd həm də region gəncləri ilə paytaxt gəncləri, o cümlədən qeyri-hökumət təşkilatları arasında əlaqələndirici rolunu oynamaq, regionda yaşayan və fəaliyyət göstərən xüsusi xidmət orqanlarının əməkdaşları ilə yerli vətəndaşlar arasında ictimai yaxınlığı daha da artırmaqdır. Layihə Hacıqabul və Mingəçevir rayonlarında icra ediləcək. Hər bir regionda gənclərin ictimai davranış qaydaları haqqında geniş maarifləndirilməsi üçün ictimai görüşlər keçiriləcək. Layihə müddətində gənclərin iştirakı ilə küçələrdə ictimai davranış qaydaları mövzusunda müxtəlif problem situasiyalar qurulacaq və gənclərin həmin situasiyalarda iştirakı təmin olunacaq. Gənclər qrupu təşkil olunacaq və bu qrup vasitəsilə ictimai davranış qaydalarının təbliği daha geniş bir coğrafiyaya yayılacaq. Layihə çərçivəsində maarifləndirici nəşrlər hazırlanacaq. Gənclərin daha çox toplandığı yerlədən biri olan sosial şəbəkələrdə də maarifləndirici aksiyalar keçiriləcək.