Oktyabrın 24-də Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində “eTwinning Plus layihəsi”nin icrasına həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Azərbaycan 2013-cü ildən etibarən Avropa İttifaqının qonşuluq siyasətinə əsasən “eTwinning Plus layihəsi”nə qoşulub. Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning layihəsi”nin genişlənməsi nəticəsində meydana gələn “eTwinning Plus layihəsi” pedaqoji işçilərə onlayn ünsiyyət, əməkdaşlıq, təhsil layihələri yaratmaq və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
Tədbirdə Avropa Komissiyası ilə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bu layihə haqqında ətraflı məlumat veriləcək, layihənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən bəhs ediləcək. “eTwinning Plus layihəsi” çərçivəsində görülmüş və planlaşdırılan işlərdən, layihənin əsas xüsusiyyətlərindən bəhs edən təqdimat iştirakçıların nəzərinə çatdırılacaq.