“Elektroenergetikada kadr problemləri-Gələcəyə baxış” adlı konfrans keçirilib
06 iyun 2014 17:06 (UTC +04:00)

“Elektroenergetikada kadr problemləri-Gələcəyə baxış” adlı konfrans keçirilib

Bu gün “Bakıelektrikşəbəkə” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Elektroenergetikada kadr problemləri-Gələcəyə baxış” adlı konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransı çıxış sözü ilə “Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev açaraq Bakının sosial-iqtisadi inkişafı ilə əlaqədar istehlakçıların elektrik enerjisi təchizatının yüksək səviyyədə təmin edilməsi üçün rəhbərlik etdiyi qurum tərəfindən irimiqyaslı tədbirlər həyata keçirildiyini deyib: “Dövlət proqramlarının icrası və daxili imkanlar hesabına görülmüş yenidənqurma işlərinin nəticəsidir ki, 2006-cı ildən sonrakı dövr ərzində 110 kV-luq dairəvi elektrik sxeminin yaradılması və onun stabil işləməsi məqsədi investisiya qoyuluşu  hesabına hazırda şəbəkənin aktivində olan 32 ədəd  110 kV-luq yarımstansiyadan  22-si tikilib, yenidən  qurulub və rekonstruksiya olunub, 65 ədəd 35 kV-luq yeni yarımstansiya tikilib, yenidən qurulub və rekonstruksiya olunub, şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 3048 MVA-dan   5780 MVA-ya  çatdırılaraq  89,6 % artıb, texniki itkilərin səviyyəsi 16,98 %-dən  8,9 %-ə qədər azaldılıb, şəbəkənin ifrat yüklənməsi halları aradan tam qaldırılıb, 2000-dək transformator məntəqəsi və komplekt transformator məntəqəsi tikilib və əsaslı təmir olunub”.

 

 

B. Rzayev “Bakıelektrikşəbəkə” ASC tərəfindən əhali və   qeyri-əhali istehlakçılara  945 088 ədəd sayğac quraşdırıldığını da əlavə edib: “Onlardan 32 mindən çoxu SMS tipli müasir sayğaclardır. Məhz bu tip sayğacların tətbiqi sayəsində  eyni zamanda 20 dəqiqə ərzində göstəricilərin oxunması mümkün olur. Bu texnoloji yeniliyin nəticəsidir ki, “Smart” tipli sayğac istifadəçilərində enerji sərfiyyatı ötən illərlə müqayisədə 23 % azalıb, ödəniş dinamikası isə 54 % artıb”.

 

Konfransda iştirak edən təhsil naziri Mikayıl Cabbarov yanacaq-energetika kompleksinin Azərbaycanın sosial-iqtisadi həyatında aparıcı, lokomotiv rolunu oynadığını deyib: “Energetika sənayesi yüksək elmi tutumlu istehsal sahəsi olduğundan onun davamlı inkişafının təmin olunması bu sahə üzrə müasir biliklərə malik olan, yeni texnologiyalara mükəmməl yiyələnən, bacarıqlı kadrların hazırlanması tələbini qarşımızda qoyur. Çox şaxəli və mürəkkəb bir sahə olan energetika sənayesində hazırda ixtisaslı kadr təminatında kəmiyyət qıtlığı deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur. Bu da mütəxəssis hazırlığının keyfiyyəti ilə bütövlükdə iqtisadiyyatın, o cümlədən energetika sektorunun sürətli inkişaf dinamikası arasındakı fərqlə bağlıdır”.

 

Nazir Azərbaycanda 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı 2014/2015-ci tədris ilində energetika sahəsi üzrə qəbul planının əvvəlki illərə nisbətən artırıldığını qeyd edib: “6 ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyələrində 3 ixtisas üzrə (“Elektroenergetika mühəndisliyi”, “Elektrik mühəndisliyi”  və “İstilik energetikası mühəndisliyi”) mühəndis kadrları hazırlanır. Energetika sahəsinin kadr hazırlığına tələbatının ildən-ilə artmasını nəzərə alaraq, bu ixtisaslar üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu da müvafiq olaraq artırılıb. Belə ki, cari tədris ilində bu ixtisaslara qəbul planı əvvəlki iki ilə nəzərən 534-dən 625-ə qədər artırılıb. Bununla yanaşı, ölkənin 6 orta ixtisas təhsili müəssisəsində 4 ixtisas üzrə ildə 280 nəfər kiçik mütəxəssisin hazırlığı həyata keçirilir. Respublikanın 57 ilk peşə ixtisas təhsili müəssisəsində isə energetika sahəsi üçün 4 ixtisas üzrə ildə 1493 fəhlə kadrlar hazırlanır.

 

M. Cabbarov ali təhsil müəssisələrinə energetika ixtisasları üzrə mütəxəssis hazırlığının TEMPUS proqramı çərçivəsində də həyata keçirildiyini vurğulayıb: “Bakalavriat səviyyəsində üç ali təhsil müəssisələrində 2013/2014-cü tədris ilindən başlayaraq TEMPUS proqramı ilə “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. TEMPUS layihəsi çərçivəsində ali təhsil müəssisələrində həmin ixtisas üzrə kadr hazırlığı üçün müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar yaradılıb. Bütün təhsil pillələri və səviyyələri üzrə mütəxəssis hazırlığı təhsil standartları və proqramlarına uyğun olaraq həyata keçirilir”.

 

M. Cabbarov B. Rzayevə “Bakıelektrikşəbəkə”ASC-nin Tədris Mərkəzinə lisenziyasını təqdim edəndən sonra adıçəkilən nazirlik ilə “Bakıelektrikşəbəkə”ASC arasında niyyət protokolu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar