Onlar sənətçi, siyasətçi, yazıçı kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.
Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. O, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair, jurnalist Elçin Mirzəbəylidir.
E. Mirzəbəyli Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Tərəqqi” medalı, TÜRKSOY-un Mətbuat Şərəf Mükafatına layiq görülüb və bu il isə Ali Media Mükafatı ilə təltif olunub.
- Balaca Elçinin heç ağlına gələrdimi ki, nə vaxtsa, məsələn, “Sevil” kinoteatrının direktoru olacaq?
- Heç ağlıma da gətirmirdim. Kinoteatr direktoru olmaq həyatımda sırf təsadüf idi. Pedaqoji fəaliyyətlə məşğul olduğum zaman belə bir təklif gəldi və bir il “Sevil” kinoteatrına rəhbərlik etməli oldum. Bunda sonra isə Mədəniyyət Nazirliyində fəaliyyətə başladım. Onu da qeyd edim ki, nə uşaqlıq arzularımda, nə də sonradan arzularımın içində kinoteatr direktoru olmaq yox idi.
- İxtisasca rejissorsunuz. Rejissorluğa maraq hardan idi?
- Uşaqlıq illərim teatrda keçib. O dövrdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı nəinki cənub bölgəsində, bütövlükdə respublikada ən tanınmış sənət ocaqlarından biri idi. O teatr fundamental bir teatr idi. Dayım, şair-jurnalist Vaqif Hüseynovun teatrla bağlı olması, eyni zamanda, teatr xadimlərinin tez-tez bizim evdə qonaq olmaları, məndə teatra maraq yaratmışdı. Yəni teatrla əlaqəm sıx olub. Uşaq vaxtı dərnəklərdə də iştirak etmişəm. Teatrın qoxusunu hiss etdikdən sonra, istər-istəməz səhnənin sehrindən ayrıla bilmirsən. Təbii ki, bu sənət zamanla səni özünə çəkir. Bir məsələni də qeyd edim ki, iki seçim arasında qalmışdım; həm jurnalist, həm də rejissor olmaq istəyirdim. Mənim ətrafımda olan doğmalarım jurnalist olmağımı istəyirdilər. Çünki kiçik yaşlarımdan, həm yerli mətbuatda, həm də respublika mətbuatında yazılarım dərc olunurdu. 10-cu sinifdə oxuyanda “Ədəbiyyat” qəzetində böyük bir yazım dərc olunmuşdu. Bu, bəlkə də orta məktəb şagirdləri arasında nadir hadisə idi.
Gördüm ki, rejissorluq mənə daha doğmadır və ona görə də bu sahəni seçdim. Həmişə, fəaliyyətim boyu bu iki seçimin - rejissorluq və jurnalistika - qarşısında qalmışam.
“Azadlıq marşı”nın müəllifi mənəm”
- Necə oldu ki, yaradıcılıqla yanaşı, siyasətlə də məşğul olmağa başladınız?
- Hər zaman siyasətin içində olmuşam. Xalq Hərəkatının ilk dövrlərindən başlayaraq, bu hərəkatın fəal üzvlərindən biri idim. Xalq Hərəkatının “Azadlıq marşı”nın müəllifiyəm. Bu marş hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ifa olunur və orta ümumtəhsil müəssisələrində tədris edilir.
Sonra Peterburqda təhsilimlə bağlı, həmçinin, sonrakı fəaliyyətimlə əlaqədar bir müddət siyasətdən uzaq düşdüm. Sonradan yenidən siyasətə qayıtmalı oldum. Siyasətdə olmağıma görə, peşman deyiləm. Siyasət yaradıcılığıma da maneçilik törətmir.
- Orta məktəbi qızıl medalla bitirmisiniz?
- Xeyir, orta məktəbi qızıl medalla bitirənlərdən deyiləm. Kimya fənnindən “4” almışdım. Kimyanı heç zaman sevməmişəm. Ümumiyyətlə, əlaçı olmağa da cəhd göstərməmişəm. Universitet illərində də buna cəhd etməmişəm. Həmin illərdə həm idmanla, həm də ictimai fəaliyyətlə məşğul olurdum. Orta məktəbi qızıl medalla bitirməyi qarşıma məqsəd kimi qoymamışam. Trafaret əlaçı olmaqdan da xoşum gəlmir. Ali məktəbi də bitirəndə bir “dörd”üm vardı. Baxmayaraq, “4” aldığım psixologiya fənnini yüksək səviyyədə bilirdim.
- Rejissor kimi bundan sonra hansısa filmi çəkmək ürəyinizdən keçirmi?
- Əvvəla onu deyim ki, çox film çəkməmişəm, bir neçə filmin rejissoru olmuşam. Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş filmin rejissoru, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi və digər görkəmli şəxslər haqqında çəkilmiş filmlərin müəllifi və rejissoruyam. Həmçinin, Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" dramına quruluş vermişəm. Quruluşçu rejissoru olduğum "Nadir şah" dramı paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Türkiyədə, İranda uğurla nümayiş etdirilib. Mədəniyyət Nazirliyində çalışdığım dövrlərdə bir çox dövlət tədbirlərinin ssenari müəllifi, rejissoru və redaktoru da olmuşam. Universitet illərində ali məktəbin nəzdində yaradıcılıq studiyası fəaliyyət göstərirdi. Biz də tələbə filmləri çəkirdik. Həmin filmlərdən biri Rəsul Həmzətova həsr edilmişdi və həmin filmin çəkilişləri Dağıstanda aparılmışdı.
Televiziya filmləri ilə bağlı arzularım çoxdur. Amma indi buna imkan yoxdu. Gələcəkdə bu istiqamətdə də işlər görəcəyəm.
- Azərbaycan mədəniyyətinin indiki durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycan mədəniyyəti SSRİ dağıldıqdan sonra özünün süqut dövrünü yaşayıb, çətin sınaqlardan keçib. Sovet dövründə də milli dəyərlərə xidmət edən kifayət qədər mədəniyyət nümunələri var idi. Bu gün teatrlarımızda olan yeni cəhdləri görürəm və bunu dəyərləndirirəm. İnkişaf var, amma biz bunu görmürük. Amma bu inkişaf Sovet dövrünün son dönəmləri ilə müqayisədə çox yüksək səviyyədə deyil. Peşəkarlıq baxımından mədəniyyətimizin indiki vəziyyəti ötən əsrin 80-ci illərinin səviyyəsinə çatmayıb. Amma bu gündən sonra mədəniyyətimiz daha da inkişaf edəcək. Çünki sistem düzgün qurulub.
“Mənə TV-də işləməyi Anar Yusifoğlu təklif etdi”
- Müxtəlif televiziyalarda çalışmısınız. Televiziyaya dəvət kimdən gəldi?
- Bəli, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru işləmişəm. Bundan başqa, Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Space", "Sara" telekanalında müəllif proqramları ilə çıxış etmişəm. O zaman “Sara” televiziyasında çalışan dostum Anar Yusifoğlu mənə təklif etdi ki, adıçəkilən kanalda siyasi icmal verilişi aparım. Sonra isə “Sara”da müxtəlif sahələrdə çalışmalı oldum. Xüsusi olaraq, televiziyanın içində olmamışam.
Qeyd edim ki, bu gün Azərbaycan telekanallarında gedən proqramlar məni qane etmir. Müxtəlif proqramlar baxımından bizim verilişlər dünya televiziyaları ilə müqayisə ediləcək səviyyədə deyil. Buna görə, həmin televiziyaları da ittiham etməyin tərəfdarı deyiləm. Bu problem ondan irəli gəlir ki, Azərbaycanda peşəkar kadrlar kifayət qədər deyil. Təbii ki, müsbət cəhətlər də, yaxşı proqramlar da var. Bu problem zamanla həll olunacaq. Telekanalların büdcəsi artdıqca, kadr potensialı genişləndikcə, problemlər həll ediləcək.
- Şeir yazmağa nə zamandan başlamısınız?
- Şeir yazmağa kiçik yaşlarımdan başlamışam. Poeziya həyatımın bir hissədir. Adətən, fasilələrlə yazıram. Poeziya mənimlə birlikdə gəlib dünyaya. Mən 5-ci sinifdə oxuyanda şeirlərim müxtəlif mətbu orqanlarda çap olunurdu. Şeirlərimə Abbas Əhməd, Nailə Mirməmmədli, Hikmət Mirməmmədli, Hatəm Nəbioğlu və digər tanınmış musiqiçi və bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Bu mahnıların arasında Abbas Əhmədin ifa etdiyi "Ürəyim yanar" mahnısı daha çox populyarlıq qazanıb. Şeirlərim, esselərim və publisistik məqalələrim Azərbaycan, Türkiyə və Rusiyada nəşr olunub.
- Sizin üçün yaradıcılıq yoxsa siyasət daha doğmadır?
- Poeziya, rejissorluq, jurnalistika - hər üçü mənə doğma sənətdir. Əgər adlarını çəkdiyim sənət sahələrini sevməsəydim, bunların heç biri ilə məşğul olmazdım. Bu gün dostlarımın bir çoxu siyasətin yaradıcılığımı yediyini düşünür və onların fikirlərinə hörmətlə yanaşıram. Hətta siyasəti də özümə doğma hesab edirəm.
- Tələbləriniz arasında tanınmış simalar varmı?
Təbii ki var. APA TV-nin baş direktoru Eldəniz Vəliyev mənim tələbəm olub. Bundan başqa, universitetdə bir zaman dərs dediyim tələbələr bu gün müxtəlif televiziyalarda, teatrlarda çalışırlar. Onlarla tez-tez görüşürəm və hər birinin uğuruna da sevinirəm.