“Donuz qripi”: Bu əlamətlərlə üzləşəndə dərhal həkimə müraciət edin!
25 yanvar 2016 16:15 (UTC +04:00)

“Donuz qripi”: Bu əlamətlərlə üzləşəndə dərhal həkimə müraciət edin!

“Ölkəmizin ərazisində təkcə “donuz qripinə” deyil, qripin bütün növlərinə qarşı hələ 2011-ci ildən Səhiyyə Nazirliyinin xüsusi əmri ilə nəzarət gücləndirilib. Biz kəskin respirator virus infeksiyaları ilə müalicə-profilaktika məqsədilə müraciət edən istənilən insanlardan müayinə materialları götürür, qripə görə müayinə edirik. Həmin şəxslərdə qripin hər hansı tipi tapılırsa, bu nəzərdə saxlanılır və bilinir ki, ölkə ərazisində hansı növ virus var. Sevindirici haldır ki, 2015-ci ildə Azərbaycanda qripin heç bir növü aşkarlanmayıb”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava damcı infeksiyalar bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumənfərd deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda insanlar arasında yayılmış xəstəlik kəskin respirator virus infeksiyalarıdır: “Kəskin respirator virus infeksiyaları ilə qrip arasındakı fərqi əhalinin nəzərinə çatdırmaq istəyirəm ki, hər il mövsümdə baş verən kəskin respirator virus infeksiyaları insanlar arasında panikaya səbəb olmasın, qorxu törətməsin.  Kəskin respirator virusu infeksiyası digər növ respirator virus tərəfindən törədilən daha yüngül formada keçən, daha az fəsadlaşması ilə qripdən fərqlənən respirator xəstəlikdir. Buna el arasında zökəm xəstəliyi də deyirik. Yəni bu, burun axması, asqırma, öskürmə, boğaz ağrısı ilə müşayiət olunan, yüksək temperatur törədə bilən xəstəlikdir. Hər il  payız-qış aylarında ölkəmizdə və dünyada bu xəstəliklər qeyd alınır. Bu o demək deyil ki, bu xəstəliklər qrip xəstəliyidir. “Donuz qripi” də insan qripindən az fərqlənən qrip növüdür. Əlamətlər eynidir, A tipli virusun dəyişmiş formasıdır. Qrip virusunun antigen forması tez-tez dəyişir, bir neçə tipləri var. Donuz qripinin də tipi H1N1-dir, bu, A qripinin bir tipidir.  Xəstəliyin kəskin keçməsinin səbəbi odur ki, bu virus həm insanları, həm də heyvanları yoluxdura bilir. Onun mutasiya etmə qabiliyyəti daha ağır fəsadlar törətməyə qabildir və geniş əhali kütləsi arasında yayılmaq xüsusiyyəti daha yüksəkdir. Ağırlaşmaya səbəb isə bu xəstəliyə əhəmiyyət verilməməsindən irəli gəlir. Yəni ki virus öz-özlüyündə ölüm təhlükəsi yaratmır. Sadəcə olaraq bakteriyalar da, infeksiyalar da prosesə qoşulur, həmin xəstəlikdən ölüm hadisəsi baş verir”.

 

Nəzmiyyə Brumənfərd əhaliyə kataral əlamətli şəxslərdən uzaq durmağı, maskalardan istifadə etməyi, fərdi qaydada xəstəlikdən qorunmağı məsləhət görüb: “Yox əgər, bu mümkün deyilsə, xəstəliyə yoluxmusunuzsa, ilkin əlamətlər görünürsə həmin an həkimə müraciət etmək lazımdır. İnfeksiyanın qarşısını almaq üçün ilk günlərdə həkimə müraciət edib müalicə almaq lazımdır. Analizlər zamanı virusun növü dərhal bilinir. İctimai yerlərdə 4 qat tənzif maskadan istifadə etmək lazımdır və maska 4 saatdan bir dəyişməlidir. Bu virus insandan insana hava damcı yolu ilə keçir, qida vasitəsilə keçmir. Qapalı və insanların sıx olduğu yerlərdə infeksiyanın yayılma ehtimalı daha çoxdur. Xəstəliyin ilkin əlamətlərini hiss edəndə maye qəbulunu artırmaq lazımdır, immuniteti qaldıran vasitələrdən istifadə etmək lazımdır. Vitamin C ilə zəngin qidalardan, qida dəyəri yüksək ərzaqlardan istifadə edib orqanizmin immunitet qabiliyyətini artırmaq lazımdır ki, orqanizm müqavimət göstərə bilsin.

 

Epidemioloqun sözlərinə görə, virus yuxarı tənəffüs yollarından xaric olduqdan sonra ətraf mühitdə qalma müddəti çox azdır, buna görə tez məhv olur: “Emal olunmuş qida vasitəsilə donuz qripi virusunun keçməsi qeyri-mümkündür. Xəstəliyin inkubasiya dövrü 3-5 gündür. Kataral əlamət başlayandan 7 gün sonra insan artıq yoluxucu hesab olunmur. Belə qənaətə gəlmək olar ki, qripin hər hansı növünə yoluxmuş şəxs 7 gün evdə qalaraq özünü müalicə edir və bayıra çıxıb digər insanları yoluxdurmasa, əslində bu xəstəliyin yayılma ehtimalı çox azdır. Son məlumata görə 129 ağır kəskin respirator virusa yoluxmuş xəstələrdən müayinə materialları götürülüb, müayinələr aparılıb və qrip virusu öz təsdiqini tapmayıb”.

 

Nəzmiyyə Brumənfərd bildirib ki, qripin digər növləri kimi bu qrip də mövsümü xarakterlidir, payız-qış aylarında daha çox yayılma ehtimalı var. O qripə qarşı peyvənd olunmaqla bağlı cəmiyyətdə ikili fikir olduğunu təsdiqləyib: “Qrip virusuna peyvənd yeni peyvənd təqvimində nəzərdə tutulmur, kütləvi şəkildə bu peyvəndi aparmırıq. İzahına gəlincə, qrip virusunun antigen quruluşu çox dəyişkəndir. Heç vaxt bilmək olmur ki, qarşıdakı mövsümdə  qrip virusunun hansı tipi olacaq ki ona qarşı peyvənd vurulsun. Ancaq hər bir əraziyə xarakterik olan qriplər üçün peyvənd mövcuddur. Hər bir şəxs fərdi olaraq bu peyvəndlərdən istifadə edə bilər. Ola bilər ki həmin dövrdə qrip virusu olmaz, onda peyvənd artıq hesab olunmuş sayılır. Tipi müəyyən edilmədiyi üçün peyvənd vurulması insanları qripdən qorumur. Hamilələrə və körpələrə ümumiyyətlə belə peyvəndlər məsləhət görülmür. Kəskin respirator virusların, istərsə də qriplərin müalicəsində hər bir insan özü iştirak etməməlidir, mütləq həkim nəzarəti altında olmalıdır. Virusa qarşı antibiotiklər effektli deyil, əgər qrip virusuna ikinci virus qoşulmuşsa, ondan qorunmaq üçün antibiotiklərdən istifadə etmək olar. Qrip virusu başlayan anda antibiotiklərdən istifadə effekt vermir, çünki antibiotiklər yalnız bakteriyaları məhv edir. Uşaqları gələcək infeksion xəstəliklərdən qorumaq üçün antibiotiklər təyin olunur. Antibiotikləri öz başına qəbul edəndə ola bilər ki,  həssaslığı olan insanların həmin antibiotikləri bədəni götürməsin. Antibiotiklə müalicə son həddir, çünki bu preparatlar qaraciyərdə çöküntü verir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365
avatar

Oxşar yazılar