“Bir də gördük ki, “Ağ Əzəmət” gəlir - MÜSAHİBƏ
13 sentyabr 2013 12:56 (UTC +04:00)

“Bir də gördük ki, “Ağ Əzəmət” gəlir - MÜSAHİBƏ

“Suriyaya ilk dəfə üç yaşımda gəlmişik. O zaman Həsəkə şəhərində yaşayırdıq. Onda Suriyanın prezidenti Bəşər Əsədin atası Hafiz Əsəd idi. Suriya ikinci gəlişimdə isə bu ölkə mənə yad gəlmədi. Yadımdadı, Hələbdə Nəsiminin məqbərəsini ziyarət edəndə azərbaycanlı olmağımla qürur duymuşdum. O ölkə, o şəhər, bombalanan o küçələr, mənə indi də yad deyil. Hər dəfə Dəməşqin, Hələbin necə bombalandığını görəndə çox pis təsir edir. Mən yaşamışam orda! Keçmişəm o küçələrdən, o dükanlardan, o muzeylərdən. “Zeynəb xanım” məscidi vardı. Ay Allah, onu nə günə qoyublar?!”. Bunu Lent.az-a “Məktəb illəri”ni danışan teleaparıcı Afaq Gəncəli deyir.

 

 

“4 il də Dəməşqdə, Hələbdə oxudum”

 

 

- İlk dərs günümü çox yaxşı xatırlayıram. 1989-cu ilin 1 sentyabrı. 132 saylı məktəb. Məktəbə məni atam aparmışdı. Sinifdə 45 uşaq vardı. İki-iki oturmuşduq. Sonra dedilər ki, bizi böləcəklər. Mən də qorxdum ki, birdən məni başqa sinfə keçirərlər. Rəhilə müəllimə elə yaxşı insan idi ki? Atam da istəyirdi mənə ancaq Rəhilə müəllimə dərs desin. Elə oldu ki, mən elə o sinifdə qaldım. Üçüncü sinfə qədər Rəhilə müəllimə mənə dərs dedi. Bilirsiz, atam tərcüməçi olduğuna görə, işi ilə bağlı tez-tez xaricdə yaşamalı olurduq. Mən üçüncü sinfi bitirən ili Suriya köçdük. Dəməşq və Hələbdə yaşadıq. O vaxt hələ sovetlər birliyi olduğundan bütün ölkələrdən gələn uşaqlar ortaq dil kimi rus dilində oxuyurdular. 4 il sonra Bakıya qayıtdıq və mən yenə öz məktəbimə getdim. Ona görə də, mənim təhsilim yarı Azərbaycan, yarı rusca olub.

 

 

“Parta yoldaşım kubalıydı”

 

 

 

- Müxtəlif millətlərdən olan uşaqlarla bir sinifdə oxumuşam. Parta yoldaşım oğlan kubalıydı. Çoxmillətli bir sinif idi. Müəlliməm Moskvadan gəlmişdi. Ruslar bir az şovinist olurlar. Bizim müəlliməmiz də qafqazlılara qarşı ruslara, ukraynalılara nisbətən daha sərtiydi. Təzə vaxtlar müəlliməmdən inciyib məktəbin rəhbərliyinə şikayət edərdim. Amma nə etmək olardı, oxumaq zorundaydım. Sonra yavaş-yavaş məktəbə də, şovinist müəllimlərimə də öyrəşdim, Qafqaz istiqanlılığı, şirindilliliyi ilə Yuliya Stepanovnaya da özümü sevdirdim.

 

 

 

“Dedilər ki, ərəb rəqsi oynamalısan”

 

 

- 132 saylı məktəb o zamanın sayılan-seçilən məktəblərdən idi. Bir çox tədbirlər, yazıçılarla, aktyorlarla bağlı gecələr bizim məktəbdə keçirilirdi. Həmişə mənə rəqs verirdilər. Saçlarım çox uzun olduğundan həmişə “tacik qızı” olurdum. Anam saçlarımı xırda-xırda hörürdü, başıma araqçın qoyub tacik milli rəqsini oynayırdım. Suriyaya gedib gələndən sonra dedilər ki, yox, bu xaricə getdi gəldi, daha tacik qızı ola bilməz. Bu indi ərəb rəqsi oynamalıdı. Ondan sonra dönüb oldum ərəb qızı. Tək təhsildə deyil, məktəbin ictimai işlərində də aktiv idim. Şer demək, yazmaq, oxumaqda atama bənzəyirəm. Ərəb ölkəsində yaşadığıma görə, ərəb dilini yaxşı bilirdim. Dəqiq elmlərlə ümumiyyətlə dostluq etmirdim. Ədəbiyyatı, xüsusi ilə şer deməyi çox sevirdim. Bu cəhətdən atama bənzəmişəm.

 

 

“Sinifdə satqın vardı”

 

 

- Suriyadan qayıdandan sonra sinif rəhbərim Səlimə müəllimə oldu. Çox mehriban qadınıydı. Hələ də sinif yoldaşlarımla yaxşı münasibətimiz var. Baba Vəziroğlunun qızıyla, tanınmış teleaparıcı Kəmalə Xəlilovayla bir sinifdə oxumuşam. Bir sinif yoldaşım var Elçin Musayev tanınmış kardioloqdu, Amerikada işləyir. Bizim sinfimizin çox savadlı məzunları olub. Mən həmişə fəxr edirəm onlarla. Dərsdən bir qaçırdıq, qalanda bir qalırdıq. Filarmoniya bağı məktəbimizə yaxınıydı. Tez-tez dərsdən qaçıb ora gedərdik. Lakin bir dəfə aramızdan satqın çıxdıı. Tarix müəllimimiz vardı bizə qarşı pis davranırdı. Şikayət edirdik heç kim şikayətimizə baxmırdı. Biz də sözü bir yerə qoyduq ki, “vsyo” sabahdan kimsə dərsə girməyəcək. Aramızdan bir nəfərsə, gedib “zavuç”a xəbər verib ki, bəs bizim sinifdən sabah heç kim məktəbə gəlməyəcək. Sabahı gün hamımız evdən məktəb adıyla çıxıb getdik Filarmoniya bağına. Məktəbimizdə iki Əzəmət müəllimə vardı. Birinə “qara Əzəmət” deyirdik, o birinə “ağ Əzəmət”. Qara Əzəmət müəllimə qəşəngiydi. Bir də gördük nə?! “Ağ Əzəmət” üstümüzə gəlir (Gülür). Bizi qatdı qabağına gətirdi məktəbə. Məktəbə çatanda gördük ki, valideynlərimizi zəng edib çağırıblar. Təşkilatçı kimdi, kimdi? Qızlardan Afaq, oğlanlardan da Allahın bəlası Zaman. İkimizi də danladılar, o gün bütün sinfə “iki” yazdılar. Dəqiq yadımdadı, doqquzda oxuyurduq. Bizə dedilər ki, heç birinizə attestat verilməyəcək. Doğrudan bərk qorxmuşduq.  

 

 

“O “fartuk” hələ də durur”

 

 

- Məktəb illərində hamıda olur da sevgi-məhəbbət. Sizə desəm ki, çox gözəl qızıydım yalan olardı. Uzun saçlı, toppuş, balaca qara qızıydım. Amma məktəbin sayılıb-seçilən şagirdlərindəniydim. Daim öndəydim. Çox sevilirdim. Məktəbdəki oğlanlar mənim üçün öz aralarında yarışa girirdilər (Gülür). Amma mən sevmirdim kimsəni... Son zəngimizdə çox ağlamışdım. Uşaqlarla məktəbdə yığışdıq, sonra getdik gəzdik. İndi də o adət qalıb: “fartuk”ları yazdırmaq. O “fartuk”um hələ də durur. Həmin günü elə bilirdim ki, artıq dünyanın axırıdı.

 

 

“Çolka” nə idi, üzük taxmaq nə idi?”

 

 

- İndi ki, uşaqları da görürəm, bir də özümə baxıram. Bizim vaxtımızda hər şey başqa idi. O vaxtlar biz hardan bilirdik “İPAD” nədi, mobil telefon nədi, kompüter nədi? Biz çarxlı telefonla zəng edib bir-birimizin səsinə qulaq asırdıq, bir-birimizi dolayırdıq: “Filankəsi olar?” Biz məktublaşardıq. İndi məktub yazan yoxdu. Hamı “sms”ləşir. Qızlar məktəbə sırğa taxdı, “çolka” saxlamaq, üzük taxmaq nəydi? Qolfi geyinib, saçları da hörüb “bantik”lə gedərdik məktəbə. Sinif yoldaşlarımla görüşəndə həmişə deyirəm ki, biz keçmişdən qalmışıq, o dövrün uşaqlarıyıq. Biz saflığı görmüşük. İndiki uşaqlar kompüterləşib, amma biz saxta münasibətlərdən uzaq böyümüşük. Şəxsən mən çalışıram ki, oğlum Qədiri kompüterdən uzaq saxlayım, onun beynini rəqəmsal etməyim. Daim ona məktəb illərindən, öz xatirələrimdən danışıram. Bir də görürəm oğlum mənə səkkiz martda “otkrıtka” düzəldib. Mən özüm də belə olmuşam. Anama heç vaxt mağazadan hədiyyə almamışam. Öz əllərimlə hazırlayardım ona hədiyyələrimi. Oğluma bunu danışmışam yadında qalıb.

 

Məktəb illərinə qayıtmaq mümkün olsaydı məhz yeddi, səkkiz, doqquzuncu sinfə qayıtmaq istəyərdim.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4134
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar