«Bakıelektrikşəbəkə» ASC elektrik enerjisinin istifadəsində borcu yaranmış abonentlərin işığını kəsəcək.
Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, havaların bir müddət kəskin soyuq keçməsi və mənzillərin isidilməsində elektrik enerjisindən istifadə olunduğunu nəzərə alaraq, «Bakıelektrikşəbəkə» ona ünvanlanmış borclu abonentlərin çoxsaylı müraciətləri əsasında elektrik enerjisi təchizatının dayandırılmasında bəzi hallarda güzəştlər edib.
Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı fevralın 21-də, saat 12:00-dan etibarən qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaq.
Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün «Bakıelektrikşəbəkə» tərəfindən çox ciddi tədbirlər görüləcək.
Qurum elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsini xahiş edir.