Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb. Bu barədə Lent.az-a “Azərsu” ASC-dən məlumat verilib. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.
İcrasına 2011-ci ilin oktyabrında başlanmış “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə əsasən Ucar şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə Külüllü su mənbəyi seçilib. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 ədəd su anbarı tikilib. Buradan şəhər mərkəzinədək 500-560 mm diametrli polietilen borularla 57 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatmış və şəhərə suyun verilməsinə başlanılıb. Layihəyə uyğun olaraq Ucar şəhərində 107 km şəhərdaxili su şəbəkəsinin 93 km-lik hissəsində işlər başa çatıb, 3 minə yaxın evə birləşmə verilib. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi 5170 abunəçinin 1700-ə qədəri smart-kart tipli su sayğacları ilə təmin edilib.