Bu gün “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Azərkitab” ilə dünya şöhrətli yazıçı, detektiv janrının ustası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev arasında Müəllif Lisenziya müqaviləsinin imzalanma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, bu müqaviləyə əsasən “Azərkitab” Kitab Təbliğatı Mərkəzi yazıçı Çingiz Abdullayevin 3 kitabını, 2 yeni - “Torjestvo xama”, “Yujnaya rapsodiya”, həmçinin ona şöhrət gətirən “Qolubıe anqelı” əsərlərinin rus dilində nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracını təmin edəcək. Bu razılaşma “Azərkitab”-ın müəllifin kitablarının premyeralarını həm Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.
Qeyd edək ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi gələcəkdə də Azərbaycanın bir çox yazıçı və alimləri ilə bu istiqamətdə əməkdaşlıq etmək və onların təbliğatını dünya ölkələrində həyata keçirmək niyyətindədir.