Millət vəkili Fazil Mustafanın “Bu şəhərdə”nin aktyorları Rafael və Coşqunun qadın paltarı geyinməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi şikayət məktubuna cavab gəlib. Lent.az-ın məlumatına görə, bu barədə Fazil Mustafa öz Facebook səhifəsində yazıb.
Millət vəkili bildirib ki, 10 dekabr 2012-ci il tarixdə "Azercell" reklamı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanlandığım müraciətə "Reklam və İnformasiya İdarəsinin rəis əvəzi Əli Əsgərovun imzası ilə cavab məktubu gəlib. Məktubda deyilir: “İlk olaraq bildiririk ki, məsələ ilə bağlı tərəfimizdən müvafiq araşdırma aparılmış və həmin araşdırmanın nəticəsində müəyyən olunub ki, AR qanunlarında qadın geyimi geymiş kişi cinsinə mənsub aktyorların gülümsəyərək hər hansı şirkətin təbliğatının həyata keçirilmələrinə dair qadağa nəzərdə tutulmayıb. "Azercell" şirkətinin reklamında xəcalət çəkiləsi elementlər, əhalinin psixoloji sarsıntısı və əhalinin mənəvi mühitinin korlanması üçün zəmin mövcud olmayıb. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan reklamların yayımı reklam sifarişçilərinin təşəbbüsünə əsasən dayandırılıb və həmin reklamlar artıq reklam daşıyıcılarında yayımlanmır”.
Fazil Mustafa sonda təşəkkür də edib: “Məktubu 8 yanvar 2013-cü il tarixdə aldım və bütün hallarda bu yanlış addımdan çəkinən bütün şəxslərə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, bir neçə müddət bundan əvvəl millət vəkili Fazil Mustafanın “ Bu Şəhərdə “ aktyorları Rafael və Coşqunun qadın paltarında “Azercell”in reklamında çəkilməsinə ciddi etiraz etmişdi. Qarşı tərəf də öz növbəsində millət vəkilini sərt tənqid etmişdilər.