“Azərbaycanın geoekoloji xəritəsi” tərtib edilib
19 fevral 2014 12:27 (UTC +04:00)

“Azərbaycanın geoekoloji xəritəsi” tərtib edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu tərəfindən “Azərbaycanın geoekoloji xəritəsi” tərtib edilib.

 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan ərazisi üçün 1:600 000 miqyasda ilk dəfə hazırlanmış xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur.

 

Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və yeraltı su yataqları da yer alıb. Xəritədə həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.

 

Geologiya-mineralogiya elmləri doktorları Adışirin Ələkbərov və Yusif İsrafilov tərəfindən hazırlanmış yeni nəşr AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Geologiya İnstitutunda keçirilmiş Elmi Şuranın iclasında təqdim olunub. A.Ələkbərovun metodikası əsasında hazırlanmış xəritənin baş redaktoru akademik Akif Əlizadə, redaktorları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov və Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru Fərda İmanovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653
avatar

Oxşar yazılar