“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi “Hər kağızı bir yarpağa dəyişək” aksiyasına qoşulub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, ‘ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı birgə layihəyə start verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Bİrliyinin təşəbbüsü ilə baş tutan layihə “Təbiətin qorunması üçün 10 mesaj” devizi ilə həyata keçirilir. Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki “ASAN xidmət” mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verilir. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır. Təhvil verilmiş hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağaclar kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.
Bu gün aksiyaya qoşulmuş “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi tərəfindən istifadə olunmuş kağızları toplanmasına başlanılıb.