“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü Qənbər Qurbanov prezident İlham Əliyevi təbrik edib. Lent.az-ın məlumatına görə, Q.Qurbanov ölkə başçısına qarşıdakı 5 illik prezidentlik müddətində uğurlar arzulayıb: “Siz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük işlərini ləyaqətlə davam etdirərək son on ildə Azərbaycana misilsiz uğurlar qazandırmısınız. Respublikaya rəhbərlik etdiyiniz gündən verdiyiniz bütün vədlərə əməl edərək millətə, dövlətə xidmət nümunəsi olmusunuz. Azərbaycanın nüfuzunu zirvələrə qaldırmısınız. İndiyə qədər gördüyünüz bütün işlər Azərbaycan naminə olub. Sizin sayənizdə Azərbaycanın həm daxili, həm də xarici siyasətdə qazandığı nailiyyətlər bizləri çox sevindirir və qəlbimizi fərəhlə doldurur. Ölkədə insanların güzəranının gündən-günə yaxşılaşması təkcə paytaxtımız Bakının deyil, bütün şəhər və rayonlarımızın yüksək sürətlə inkişaf etməsi, ölkəmizin böyük sənaye, idman və mədəniyyət ölkəsinə çevrilməsi, dünyanın diqqət mərkəzində olması xalqımızın böyük uğurudur.
Möhtərəm Prezident, Sizin Azərbaycan dövləti və xalqı üçün gördüyünüz işlər bu seçkilərdə yüksək qiymətləndirildi. Hamı çox gözəl bilir ki, Siz bu qələbəyə, bu möhtəşəm uğura layiq lidersiniz. Mən bir el ağsaqqalı kimi, Kəlbəcər camaatı ilə ən çox ünsiyyətdə olan bir insan kimi Sizə bildirmək istəyirəm ki, Kəlbəcərlilər Sizə son dərəcə böyük ehtiram göstərir, Sizi ürəkdən sevir və hər bir işinizdə Sizinlə birlikdədir. Bunu seçkilər günü hər bir seçki məntəqəsində ünsiyyətdə olduğum hər bir insanla söhbətimdə bir daha yaxından gördüm və sevindim. Sevindim ki, insanlarımız öz rəhbərinə nə qədər ürəkdən inanırlar.
Möhtərəm Prezident, bir daha Sizi böyük qələbəniz münasibətilə bütün Kəlbəcər ictimaiyyəti, el ağsaqqalları və ağbirçəkləri, ziyalıları və sadə insanları, bilavasitə məşhur el sənətkarı Aşıq Şəmşirin ailə üzvləri adından ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirik. İnanırıq ki, Vətənimizin adını daha da ucaldacaq, insanlara daha gözəl həyat bəxş edəcək və bizi doğma torpaqlarımıza qovuşduracaqsınız. Siz də əmin ola bilərsiniz ki, bütün işlərinizdə Kəlbəcərlilər Sizinlə birlikdədir.Ulu Tanrı Sizə yar olsun!”