“Açıq Hökumət”lə bağlı ictimai müzakirə keçirilib
04 iyun 2013 16:57 (UTC +04:00)

“Açıq Hökumət”lə bağlı ictimai müzakirə keçirilib

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yerli icra hakimiyyətlərində Açıq Hökumətin təşviqi ilə bağlı İctimai Müzakirələrin təşkili” layihəsinin icrasını davam etdirir.

 

Lent.az-ın verdiyi məlumata görə, bu gün layihə ilə bağlı növbəti ictimai müzakirə keçirilib.

 

Müzakirədə təşkilatın sədri və layihə rəhbəri Rəfail Becanov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqi”nə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib. Milli Fəaliyyət Planında ciddi məsələlər əks olunub. Vətəndaş Cəmiyyəti İnstitutları (VCİ) ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması, ictimai iştirakçılığı genişləndirmək üçün internet səhifələrindən istifadə edilməsi kimi mühüm vəzifələrin sənəddə ehtiva edilməsi müsbət irəliləyişdir.  Onun sözlərinə görə, layihə çərçivəsində “Facebook” sosial şəbəkəsində “Açıq Hökumət” qrupu yaradılıb və orada açıq hökumətlə bağlı müxtəlif sənədlər yerləşdirilib. 1800 üzvü olan qrupda vaxtaşırı açıq hökumətlə bağlı müxtəlif məsələlər qoyulur və təşviqat aparılır. Qrupun fəaliyyəti layihə bitdikdən sonra da davam etdiriləcək. Rəfail Becanov deyib ki, layihə çərçivəsində Yasamal, Nərimanov, Abşeron və Sumqayıt icra hakimiyyətlərinin internet səhifələri monitorinq edilib, bir sıra müsbət və mənfi məqamlar üzə çıxıb.

 

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov, “Demokratik cəmiyyət və qadın hüquqlarının müdafiəsi“ İctimai Birliyinin sədri Mehriban Abdullayeva, “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri Firuzə Əsədullayeva, “Avrasiya” Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin sədri Əsli Əliyeva, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə və digərləri çıxış edərək, layihə və mövzu ilə bağlı fikirlərini bildiriblər. İctimai müzakirədə Yasamal rayon İcra Hakimiyyətinin təmsilçisi Fərid Məmmədov iştirak və çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Oxşar yazılar