“Ceyhun Qubadovun qulluq etdiyi Daşkəsəndəki hərbi hissə çətin təbii-coğrafi şəraitdə yerləşir. Oralarda tez-tez oluram, coğrafi mövqeyi çox əlverişsizdir. Cəbhə bölgəsidir və yüksək dağlıq şərait üstünlük təşkil edir. Əsgərimiz belə bir şəraitdə dünyasını dəyişib. Müdafiə Nazirliyi və Hərbi Prokurorluq hadisə ilə bağlı birlikdə araşdırma aparıb və məlumat yayıblar. Artıq əsgərin bölük komandiri və bir gizir həbs edilib. Korpus komandirindən bölük komandirinə qədər, generaldan başlamış gizirə qədər bir neçə nəfər bu işə görə cəzalandırılıb, hərbi hissə komandirinin rütbəsi alınıb. Hərbi hissənin qərargah rəisi tutduğu vəzifədən azad edilib. Tabor komandirinin, taborun qərargah rəisinin və bölük komandirinin rütbəsi bir pillə aşağı endirilib”.
Bunu Milli Ordunun əsgəri, 19 yaşlı Ceyhun Qubadovun ölümü ilə bağlı Lent.az-a açıqlamasında “Silahlı Qüvvələrə Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli söyləyib.
Emin Həsənli mətbuatda bəzən bu cür hadisələrə qərəzli yanaşıldığını, bunun isə yolverilməz olduğunu qeyd edib. Onun sözlərinə görə, bəzən mətbuatda belə yazılır ki, guya bu cür hadisələr olanda heç kim cəzalandırılmır, guya cəzasızlıq mühitidir: “Bu, doğru deyil. Orduda baş verən hər bir konkret faktla bağlı cinayət işi qaldırılır, təhqiqat və araşdırma aparılır, günahı olan şəxslər cəzalandırılır. Ola bilər ki, istintaq aparılan müddətdə digər şəxslər də cəzalandırılsın. Məsələnin siyasiləşdirilməsi isə qəbuledilməzdir. Təəssüf ki, məsələni həddindən artıq şişirtməyə, faciəni siyasiləşdirməyə və bunu əldə əsas tutaraq ordunun üzərinə yeriməyə cəhd edən qüvvələr var. Bu faciədir, gənc əsgər dünyasını dəyişib. Əsgər hərbi xidmətə gedənə qədər bir ailənin övladıdırsa, əsgər olduqdan sonra dövlətin, millətin övladı olur. Onun itkisi təkcə bir ailənin yox, ordunun, millətin, xalqın, dövlətin itkisidir”.
Emin Həsənli çağırış ərəfəsində bu cür məsələlərə xüsusilə diqqətlə yanaşmağı zəruri sayır: “Sosial şəbəkələrdə, mətbuatda bu xəbərləri yayanlar unutmamalıdır ki, hazırda çağırış gedir, Azərbaycanda ildə 4 dəfə çağırış aparılır. İlin ilk çağırış ərəfəsində bu hadisənin olması digər valideynlərin də qorxu, təlaş, xof yaşamasına səbəb olur. Bu da yalnız Azərbaycan dövlətini, ordusunu istəməyən, düşmən dəyirmanına su tökən şəxslərin məqsədi ola bilər. Bilərəkdən, yaxud bilməyərəkdən bu məqsədə xidmət etmək yolverilməzdir. İnanırıq ki, hadisədə günahı olan bütün cinayətkarlar layiqli cəzasını alacaq”.
Emin Həsənli ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti, milliyyətcə azərbaycanlı Con Nəimi Əmralın “Amerikanın Səsi” radiosuna müsahibəsinə də toxunub. Con Nəimi Əmral müsahibəsində Ceyhun Qubadovun ölümünə toxunub. 11 ildir ki, ABŞ ordusunda xidmət etdiyini, hazırda ABŞ-ın Türkiyədəki təlim missiyasına başçılıq etdiyini bildirən Con Nəimi Əmral Azərbaycan ordusunda belə halların tez-tez olduğunu iddia edib. O, bir neçə il əvvəl qohumunun da Naxçıvanda silahdaşı tərəfindən öldürüldüyünü söyləyib: “Birincisi, əgər qohumu ilə bağlı fakt vardısa, bu, konkret olaraq açıqlasın. Nə üçün indiyə qədər bu barədə müraciət etməyib? İkincisi, əgər o Vətənini sevirsə, vətənpərvər bir insandırsa, Azərbaycan ordusunda xidmət etsin. Azərbaycandan kənarda da zabitin belə reaksiya verməsi təəssüf doğurur. Azərbaycanın peşəkar zabit kadrlarına ehtiyacı var. Tövsiyə edirik ki, Azərbaycan Müdafiə Nazirliyinə müraciət etsin və ordumuzda xidmət etsin. Digər tərəfdən, əgər o, Əfqanıstanda qulluq edibsə, Azərbaycan əsgərlərinin necə qulluq etdiyindən xəbərdar olmalıdır. Azərbaycan əsgərlərinin Əfqanıstan, İraq və digər yerlərdə xidməti NATO rəhbərliyi tərəfindən həmişə yüksək dəyərləndirilib”.
Qərb dövlətlərinin Azərbaycana həmişə ikili standartlarla yanaşdığını söyləyən Emin Həsənli Con Nəimi Əmralın açıqlamasının da bu ruhda olduğunu qeyd edib: “O, ABŞ ordusunda belə hadisələrin nadir hallarda olduğunu bildirir. Ancaq elə deyil, dünya da bunun şahididir. Hətta keçən il ABŞ ordusunda 1 əsgər 10 əsgəri güllələmişdi, ABŞ prezidenti və müdafiə naziri də buna münasibət bildirmişdİ. ABŞ ordusunda işgəncə faktları da dünyaya məlumdur, bir-birlərinə belə işgəncə verirlər. Əfqanıstan və İraqda həbsxanalarda işgəncə faktlarından dəfələrlə bəhs olunub. Quantanamo həbsxanasında insanlara verilən işgəncələr, qeyri-insani davranışlar da yaddan çıxmayıb. ABŞ ordusunda hər il onlarla əsgər intihar edir. Vyetnam sindromu hələ də aradan qaxmayıb. İraq və Əfqanıstanda keçirilən əməliyyata onların zabitləri belə etirazlarını bildiriblər. ABŞ ordusunun əli Əfqanıstanda, İraqda, Liviyada mülki əhalinin qanına batıb. Yaxşı olardı ki, bunu da deyəydi. Yaxşı olardı ki, Con Nəimi Əmral buna da münasibət bildirəydi. Azərbaycan ordusunda baş verən xoşagəlməz hadisə ilə bağlı müdafiə naziri müvafiq əmr verib, günahkarlar cəzalandırılır”.