"Bu il Azərbaycanda 8934 yeraltı təkan qeydə alınıb”. Lent.az-ın məlumatına görə, bunu Seysmoloji Xidmət Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabat iclasında deyib.
Onun sözlərinə görə, təkanlardan 3642-i yerli, 2087-i yaxın və 3205-i uzaq zəlzələlərdir: “İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 78 zəlzələ qeydə alınıb və onlardan 26 hiss olunan zəlzələlərdir”.
Baş direktor onu da əlavə edib ki, 2016-cı ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb: “Belə ki, 2016-cı ildə Azərbaycan ərazisində zəlzələlərin sayı 4528, ən yüksək maqnituda ml=5.6 olduğu halda, 2017-ci ildə zəlzələlərin sayı 3642, ən yüksək maqnituda ml=5.7 olub. Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 km-dir. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 km-ə artması, Xəzər akvatoriyasına keçməsi ilə əlaqadardır”.
Bildirilib ki, hesabat ili ərzində ən güclü hadisə Agdam ərazisində baş verib. 15 noyabr yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası ml=5.7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. 15 noyabr 2017-ci ildə baş vermiş Ağdam zəlzələlərindən sonra afterşok prosesi kifayət qədər aktivləşib, ilk birinci sutka ərzində əsas təkandan sonra 89 afterşok qeydə alınıb. Bu il mayın 5-i saat 03:24-də Saatlıda maqnitudası ml=5.4 olan zəlzələ baş vermişdir. Zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı ərazisində, episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 48 km-dir. Saatlı zəlzələləri eninə Savalan-Abşeron, Palmir-Abşeron, uzununa Kür dərinlik qırılmalarının hərəkət zonalarında yerləşib.