Əli bəy Hüseynzadəyə həsr olunmuş “Həqiqətin böyüyü” sənədli filmin nümayişi keçirilib. Lent.az-a verilən məlumata görə, təqdimat mərasimi Biləsuvar rayonu, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları “Xocavənd” qəsəbəsində baş tutub.
Mətbuat Şurasının milli mətbuat tariximizdə önəmli rolu olan nəşrlər, eləcə də tarixi şəxsiyyətlərlə bağlı çəkdiyi “Milli mətbuatımız, istiqlal yolumuz” silsiləsindən olan ekran əsərinin nümayişində media təmsilçiləri, yerli hakimiyyət orqanlarının, ictimaiyyətin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının müəllifi olan Əli bəy Hüseynzadə türkçülüyü fundamental cərəyan olaraq formalaşdırıb: “Dahi mütəfəkkirin “Kaspi”, “Həyat”, «İrşad» qəzetlərindəki, eləcə də “Füyuzat” jurnalındakı fəaliyyəti böyük ictimai məzmun, örnək səciyyə daşıyıb. Şuranın “O film” studiyası ilə birgə layihəsi də məhz belə şəxsiyyətlərin həyat yoluna daha yaxından işıq salmaq, onları cəmiyyətə tanıtdırmaq zərurətindən irəli gəlib. Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətləri olub”.
Toplantıda çıxış edənlər Əli bəy Hüseynzadənin yaratdığı “füyuzatçılar” adlı ədəbi-fəlsəfi məktəbin Azərbaycanda ictimai fikrin formalaşmasında, milli özünüdərk proseslərində müstəsna rol oynadığını vurğulayıblar. Natiqlər görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif məqamlarından danışaraq onu siyasi türkçülüyün əsasını qoymuş böyük fikir adamı kimi dəyərləndiriblər.
Çıxışlardan sonra sənədli filmi nümayiş olunub.