“Dövlət başçısı İlham Əliyevin imzaladığı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı sayəsində minlərlə gənc xaricdə, o cümlədən ən nüfuzlu ali tibb təhsili ocaqlarında elmin sirlərinə yiyələnir”. Lent. az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Moskvada keçirilən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən azərbaycanlı həkimlərin I Tibb Forumunda bildirib.
Nazir onu da bildirib ki, son 10 ildə Azərbaycanda səhiyyə sahəsinə ayrılan büdcə vəsaitinin həcmi 11 dəfə artıb, 500-dən çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Əksəriyyəti bölgələrdə yerləşən bu müəssisələrin hamısı ən müasir avadanlıqla təchiz edilib: “Azərbaycanda dövlət tibb müəssisələrində əhaliyə tibbi xidmətlər pulsuz həyata keçirilir. Səhiyyənin inkişafı sahəsində dövlət proqramları tibbin ən mürəkkəb sahələrini əhatə edir. Ölkəmizdə böyrək çatışmazlığı kimi ağır xəstəliyin, dünya səhiyyəsi üçün aktual problem olan diabet xəstəliyinin müalicəsini dövlət öz üzərinə götürüb. Azərbaycanda 180 min diabet xəstəsi bütün zəruri preparatları pulsuz əldə edə bilir”.