Təhsil Nazirliyi tərəfindən “Sabahın alimləri” III respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, “Sabahın alimləri” III respublika müsabiqəsi innovativ elm müsabiqəsidir və gəncləri yeni məhsulun yaradılmasına sövq edir. Onun sözlərinə görə, beynəlxalq səviyyədə keçirilən müsabiqədə iştirakçıların ingilis dili bilməsi vacibdir: “Bu gün məktəblərdə gedən tədbirlərin bir hissəsi gənclərdə müasir düşüncə tərzinin, dil biliklərinin yüksək səviyyədə öyrədilməsinə yönəldilib. Müsabiqənin keçirilməsində də məqsəd tədqiqat aparan şagirdlərin sayını artırmaq, onların elmi fəaliyyətini genişləndirməkdir. Müsabiqədə Bakı, Sumqayıt və Naxçıvanda yerləşən ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri iştirak edir. Müsabiqə 8 kateqoriya-riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqədə 108 şagird 65 elmi layihə ilə iştirak edir. Layihənin 36-sı kollektiv, 29-u isə fərdidir. Müsabiqənin final mərhələsinə Elmi Ekspertiza Komitəsi tərəfindən baxış keçirilən annotasiyaları (uşaqların işlərinin yenilik olduğu) təsdiq edilən layihələr buraxılır”.
Üç gün davam edəcək müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən keçirilən 5 şagird cari ilin may ayında ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək imkanı qazanacaq.