589 uşağın internatlara düşməsinin qarşısı alınıb
26 may 2014 12:52 (UTC +04:00)

589 uşağın internatlara düşməsinin qarşısı alınıb

De-institutlaşma prosesi ölkədə uşaqların müdafiəsi sahəsində həyata keçirilən yeni bir islahatdır və dövlət uşaq müəssisələri sisteminin alternativ qayğı sistemi ilə əvəz edilməsi prosesini nəzərdə tutur. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrində keçirilmiş sorğuların nəticələrinə əsasən hazırlanıb və hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq 13 internat məktəbi transformasiya olunaraq ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara çevrilib.

 

 

Bununla yanaşı, dövlət uşaq müəssisələrinin nəzdində günərzi və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb və hazırda fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir.

Uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, habelə uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq ölkə üzrə ümumilikdə 589 nəfər uşağın, 2013-cü ildə isə 34 nəfər uşağın dövlət uşaq müəssisələrinə  düşməsinin qarşısı alınıb.

 

Dövlət Proqramının icrası olaraq 309 nəfər uşağın və onların bioloji ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. 309 nəfər uşaqdan öz bioloji ailəsinin və ya yaxın qohumlarının himayəsinə qaytarılması mümkün olan 150 nəfər uşağa fərdi plan hazırlanıb. Rayonlara səfərlər edilərək Rayon İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələsinə baxılıb. Uşağın bioloji valideynin və ya onu əvəz edən şəxsin, həmçinin yaxın qohumlarının iştirakı ilə keçirilən iclaslarda komissiyanın üzvü olan digər yerli icra strukturlarının məsul nümayəndələri tərəfindən ailənin probleminin həllinə müvafiq köməklik göstərirlər. Aparılan məqsədyönlü işlərin nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 149 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə bu müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Hmin uşaqların vəziyyətinin mütəmadi monitorinqi və Təhsil Nazirliyinə məlumatın verilməsi ilə bağlı rayon icra hakimiyyətlərinə məktub ünvanlanıb. 2008-ci ildə 4055 nəfər uşaq dövlət müəssisələrində gecələyirdisə, onların sayı azalaraq hazırda 3470 nəfər təşkil edir.

 

Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, ölkədə sosial işçilərin sayının artması ilə çətin həyat şəraitində olan ailələrin vaxtında aşkarlanması, onların problemlərinə kompleks yanaşma, müvafiq dəstəyin göstərilməsi və alternativ xidmətlərin yaranması nəticəsində müəssisələrə düşən uşaqların sayı azalacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar