“Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə martın 10-dan etibarən sistemin əsas prinsipləri barədə məlumatlandırılma işi Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinə gələ bilməyən vətəndaşlara isə “108” Çağrı mərkəzi vasitəsilə xidmət göstərilir.
Mənzil İnşaatı Dövlət Agentliyindən ( MİDA) Lent.az-a verilən məlumata görə, müraciətlərin qəbulu işinin səmərəli təşkili məqsədilə müsabiqə əsasında seçilmiş və Agentliyin təşkil etdiyi xüsusi təlimlərdə iştirak etmiş gənc kadrlar işə cəlb olunub.
Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin və “ASAN xidmət”in əməkdaşlığı nəticəsində ilk 3 gün ərzində ümumilikdə 2572 vətəndaşa xidmət göstərilib. Bunlardan 1735 nəfər “ASAN xidmət” mərkəzlərinə müraciət edərək, 837 nəfər isə “108” Çağrı mərkəzinə zəng edərək güzəştli mənzilin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallara cavab tapıb və ətraflı məlumat əldə edə bilib.