İnternat məktəbində Yeni il şənliyi keçirilib
Dekabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirlik əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.
Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.
İnternat məktəbi ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1937-ci ildən 6 nömrəli Uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri 2016-cı ildə başa çatdırılıb. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı vardır. İnternat məktəbində rəsm dərnəyi və məktəbin şagirdlərin ibarət nəfəsli orkestr fəaliyyət göstərir.
Hazırda internat məktəbində 210 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 36 nəfər pedaqoji heyət məşğul olur.
223