Bu gün Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi 20 yanvar faciəsi ilə bağlı anım mərasimi keçirib. Tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, 20 yanvar hadisələrindən 23 il keçməsinə baxmayaraq, bu gün Azərbaycanın müstəqilliyinin qazanılmasında həmin şəhidlərin unudulmaz rolu olub. Onun sözlərinə görə, bu tarix Azərbaycanın faciəsi olduğu qədər də millətimizin qəhrəmanlıq salnaməsidir.
Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri, Dr. Sadiq Erarslan İslamda şəhidlik məqamından danışaraq qeyd edib ki, 20 yanvar faciəsi qardaş Azərbaycan qədər Türkiyənin də acısıdır.
Tədbirdə şəhid ailələri, ziyalılar, müxtəlif ali məktəblərdə təhsil alan gənclər iştirak edib.
Həmçinin mərasimdə Qurani-Kərimdən ayələr oxunaraq, şəhidlərin ruhuna dualar edilib və sonda ehsan süfrəsi verilib.