“Yox, yox, nə danışırsan. Anamı? Nə üçün? Gəldi, görüşdük, bəs sonra? Sonra yenə gedəcək? Bilirsən onu görsəm nə olacaq? Sən təsəvvür edirsən? Mən dəli olaram! Havalanaram! Anam, yazıq anam…”.
Kövrəlir.
Gözləri dolur, əlləri əsir, otağa ölü sükut çökür...
Və…
Və eləcə, havaya, sonsuzluğa, uzaqlara baxır. Susur, susur, susur…
Biz isə… Biz heç, biz onun gözlərinə baxa bilmirik. Qorxuruq anasını görək, o gözlərdə… Və həm də ondan qorxuruq ki, bu dəm, hə, elə həmin an ona nəsə olar, halı pisləşər. Sadəcə köks ötürürük, əlimizdən onunla birgə uzaqlara baxmaqdan savayı başqa nə iş gələsidi ki?
...Düz iyirmi il əvvəl elə o uzaqlardan, lap uzaqlardan bura - Azərbaycana gəlmişdi, bəlkə xəritədə belə yerini bilmədiyi bir ölkəyə. Dostu, azərbaycanlı balası Cəlalla birgə. 30 yaşlı Jenyanın ağlına da gəlməzdi ki, sözün həqiqi mənasında o uzaqlara, doğulub böyüdüyü Uzaq Şərqə qaıyda bilməyəcək. Anası Zinaida neçə illər oğlunu axtaracaq, axtaracaq, tapa bilməyəcək, bu illər ərzində üstəlik kiçik oğlu Valerini də itirəcək, başı onun oğlunun yetim alan uşaqlarını böyütməyə qarışacaq… və taleyi ilə, Jenyasızlıqla barışası olacaq. Jenya yerli-dibli itdi, Valerini qara torpaqlar apardı, barı bu tifilləri böyüdüm, boya-başa çatdırım deyə…
Və... Və günlərin bir günü kiçik, adi bir təsadüf nəticəsində 20 ildir Bakının mərkəzindən 40 km aralı, Bilgəhdə, Qocalar Evində, kiçik bir hücrəsinə qapılıb yaşayan Jenyadan xəbər tutacağıq. Və məlum olacaq ki, elə həmin bu Qocalar Evindən 40 yox, 400 də yox, 4 min kilometr aralıda, Uzaq Şərqin Amur adlı bir vilayətində, Amursk adlı şəhərin Komsomolsk prospektində 76 yaşlı Zinaida ana da düz 20 ildən sonra Jenyasının sağ olduğundan xəbər tutub və ən dəhşətlisi odur ki, hələ də bu xəbərə düz-əməlli inana bilmir…
“İnanmıram, siz nə danışırsız, ola bilməz, səsini eşitsəm belə havalanaram…”
Tanış sözlərdi eləmi?..
***
Zaman, may, 1992-ci il.
Məkan, Rusiya, Amursk şəhəri, yerli meyvə-tərəvəz bazarı.
...Neçə ildir bu bazarda ticarətlə məşğul olan ağdamlı balası Cəlal axşam hər gün üz tutduğu kafeyə gəlir. İş gününün sonunda adətən bu kafeyə yığışan azərbaycanlılar təkcə olub keçənlərdən danışmırlar, vətənlərindən gələn xəbərləri belə müzakirə edib dərdləşirlər. Bazarda işləyən, elə həmin bu azərbaycanlılar üçün səhər tezdən axşamacan yük daşıyan, onlarla dostlaşan Jenya - Yevgeni Momot da həmişə olduğu kimi axşam kafeyə gəlir. Jenya kafeyə girəndə Cəlalı tək görür, özü də qayğılı. Nə baş verdiyini soruşur. Cəlal isə suala cavab əvəzinə ofisiantı səsləyir:
- Lena, araq gətir.
Jenya stul çəkib oturur. Cəlal danışmır. Bir-iki qədəhdən sonra Jenya yenə dillənir:
- Nə olub axı?
Cəlal baş verənlərin Jenyaya və bu bazara aid olmadığını deyir. Jenya yenə israr edir. Cəlal nəhayət dillənir.
- Kəndimizi yandırıblar.
- Kim?
- Ermənilər. Anam, bacımgil Bakıya köçüblər, kənddə ancaq kişilər qalıb. Mən burda qala bilmərəm. Elə günü sabah təyyarəyə bilet alıb uçacam Bakıya.
- Mən də…
- Sənə nə dəxli var bu müharibənin? Otur, işinlə məşğul ol. Sən, ən yaxşısı bizi sabah Xabarovska çatdır. Oradan təyyarə ilə Moskvaya gedəcəyik.
Səhər Jenya deyilən vaxtda və yerdə Cəlalı və onunla birgə olan daha iki nəfəri götürür, onlar bir yerdə Xabarovska gedirlər. Həmin günü təyyarəyə bilet tapılmır. Səhər uçmaq qərarına gəlirlər. Jenya onları inandırır ki, Xabarovskda tanış bir qız var, onun vasitəsi ilə səhərə bilet təşkil edə bilər. Cəlal bilet pullarını və pasportlarını Jenyaya verir. Jenya onlardan aralanır. Axşama yaxın sabahkı reysə biletlə qayıdır. Səhər, təyyarənin uçma vaxtına az qalmış onlar Jenya ilə vidalaşmaq qərarına gəlirlər. Jenya Cəlalı şoka salır:
- Mən də gedirəm.
- Hara, Azərbaycana?
- Hə, dost deyilik? Səni belə buraxa bilmərəm. Müharibə qurtarsın, qayıdırıq yenə bura…
...Müharibə düz iki ildən sonra, atəşkəs elan olunandan sonra qurtaracaqdı, müvəqqəti. Amma geriyə nə Cəlal qayıda biləcəkdi, nə Jenya…
***
Zaman, 16 iyun, 1994-cü il.
Məkan, Bakı şəhəri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi.
Müdafiə nazirinin müavini, şəxsi heyətlə iş idarəsinin rəisi polkovnik T. Əliyev yavərin ona təqdim etdiyi məktubu imzalayır. Məktub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmışdı.
“Xahiş edirəm, Momot Yevgeni Mixayloviçin respublika ərazisində mənzilinin olmamasını nəzərə alaraq onun Bilgəhdəki Qocalar Evində yaşamasına köməklik göstərəsiniz”.
Amma məktubda xüsusi qeyd də vardı: “Rusiyanın Xabarovsk şəhər sakini E. M. Momot 20 iyun 1993-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə ağır yaralanaraq birinci dərəcəli əlil olmuşdur”.
***
“Mən Bakını tanımırdım axı. Bizi hansısa hərbi hissənin kazarmasında yerləşdirdilər. Bir ay təlim keçdik. Təlim bitəndən sonra bizi döyüşlərin getdiyi cəbhələrdən birinə atacaqdılar. Cəlala deyirdim ki, heç olmasa sənin kəndin istiqamətinə göndərsinlər, orda vuruşaq. Mən əksər silahlardan istifadə etməyi bilirdim. Hətta raket qurğularından belə. Axı əsgərlikdə olmuşdum, təlim keçmişdim. Bir ayın tamamında bizi 708 saylı briqadaya göndərdilər. Biz Ağdamın Papravənd kəndi istiqamətində döyüşə atıldıq. Qalanı yadımda deyil”...
Jenya bunu deyib əlləri ilə gicgahlarını sıxır. Bizimlə birgə olan tibb bacısı onu sakitləşdirmək istəyir. Amma əsəbiləşdiyi, gərginliyi üzündən bilinir Jenyanın.
- Həmişə belədir. Müharibədən söz düşən kimi halı pisləşir. Siz onu danışdırmayın. Ümumiyyətlə, mən iyirmi beş ildir burda işləyirəm. Jenyanın bura gəlməsi də yadımdadır. İlk dəfədir ki, onu danışan görürəm. Gəlin onu tək buraxaq.
Jenya başını qaldırıb üzümüzə baxır. Gülümsünüb, elə həmin tibb bacısına, onu müşayiət edən Qocalar Evinin başqa bir işçisinə bir qədər ironiya ilə deyir:
- Lazım deyil, 20 ildir burdayam, birinci adamdı ki, mənim milliyyətcə ukraynalı olduğumu dedi.
Və gülür...
Burda bir məqamı qeyd etməliyəm. Jenya ilə görüşməmişdən əvvəl Qocalar Evinin direktoru Bəhruz Əlmədətovla söhbət edəndə o bizi, necə deyərlər, bir qədər qorxutmuşdu. Bəhruz müəllimin dediyinə görə, Jenya bu illər ərzində heç kimə heç nə danışmayıb: “Nahaq gəlmisiz, o, ümumiyyətlə, istəmir ki, onun varlığından xəbər tutsunlar. Heç kimlə əlaqə saxlamır, heç kimi görmək istəmir. Hətta mən özüm bəzi məsələlərə görə şübhələnirəm...”
Bəhruz müəllim haqlı idi. Jenya bizi olduqca soyuqqanlı qarşıladı. Hətta narahatlığı belə göz görəsi idi. Əslində bu məqamda Jenyaya öncə hansı sualı belə verəcəyimizi bilmədik. Və ilk ağlımıza gələn soy adı oldu.
- Sən ukraynalısan?
Onda, hə, məhz onda Jenyanın qaşqabağı açıldı. Güldü.
- Nədən bildin?
- Maraqlı familiyan var: Momot. Ukrayna familiyası olduğunu təxmin etmişdim.
***
- Momot? Jenya? Tanımıram. Ola bilməz ki, mən tanımayım. Batalyondakı uşaqların hamısının adını, familiyasını sizə əzbərdən deyərəm. Hamısının sifəti belə yadımdadır. Yaralanıb deyirsiz? Başından? Yox, 708-də iki rus vardı, onlardan biri yüngülcə yaralanmışdı. O vaxt Ağdamın çaxır zavodlarının birinin direktorundan pul alıb onu göndərdik Rusiyaya, evlərinə.
- Bəs şəklini görsəz, tanıyarsız?
- Əlbəttə.
Bu, 708 saylı briqadada batalyon komandiri olmuş Mirsahib Alıyevlə dialoqumuzdandı. Onu Lent.az-a həmkarımız Rey Kərimoğlu gətirib. Jenyanı tapandan sonra vaxtıyla 708-də vuruşmuş döyüşçüləri arayanda, Rey israr etdi ki, Mirsahibdən başqa sizə kömək edən olmayacaq. “Əgər Jenya 708-də olubsa, Miri onu tanıyacaq”.
Jeynanın fotolarını Miriyə göstəririk. Eynəyini taxır. Diqqətlə şəklə baxır, baxır. Və…
Və ŞOK CAVAB:
- Belə adam Ağdamda, Papravənddə vuruşmayıb.
Biz də, Rey də pərt vəziyyətdəyik.
- Ola bilməz. Diqqətlə baxın...
- Yox, belə adam olmayıb. Yalan deyir!
Yalan deyir? Bəs bütün bu sənədlər? Müdafiə Nazirliyinin məktubu? Cəlal? Və nəhayət, 20 il sərasər bir otağa çəkilib hətta doğma anasını belə aramayan bu adam kimdir? Bəs Bəhruz müəllimin o açıqlamadığı şübhələr nədir? Doğrudanmı...
Davamını Lent.az-da izləyin...
Ləman Mustafaqızı
Səbuhi Məmmədli