Səbail rayonunda 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, toplantıda 2013-cü il ərzində rayonun Bayıl-20-ci sahə ərazilərində həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. Yığıncağı açıq elan edən Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, 2-ci sahə inzibati ərazi dairəsi üzrə 51 saylı orta məktəbin, 91 və 157 saylı uşaq bağçalarının, 11 saylı uşaq vərəm xəstəxanasının əsaslı təmiri həyata keçirilib. Bayıl-20-ci yaşayış sahəsini əhatə edən nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilməsi aparılır, dəniz kənarı ərazidə gözəl istirahət zonası yaradılır.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirib ki, ötən il «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Arif İsmayılov küçəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiyası tikilərək şəbəkəyə qoşulub, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən inşa olunub, 163 saylı orta məktəbin binası, 33 saylı poliklinikanın əsas binası və 20-ci sahədə yerləşən 1 saylı şöbəsi əsaslı təmir olunub, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası yaradılıb. 20-ci sahə ərazisində 35 kilovoltluq yeni yarımstansiyanın, Səbail rayon Pokurorluğunun 3 mərtəbəli inzibati binasının, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana komplekslərinin tikintisi davam edir, «Turac» uşaq bağçasında möhkəmləndirmə-yenidənqurma işləri başa çatmaq üzrədir.
Hesabat dövründə ərazidə yerləşən idarə və təşkilarlar, orta və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq işləri aparılıb, ərazidəki bir sıra müəssisələrdə keçirilən tədbirlərdə iştirak edilib. Toplantıda sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.