Sabahdan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Lent.az-ın məlumatına görə, 1 saylı mərkəz paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcək.
Bir neçə aydan sonra işlər daha da təkmilləşdiriləcək və digər rayonlarda bu xidmətləri göstərmək mümkün olacaq. Gələn ilin iyun ayına kimi Bakı şəhərinin bütün rayonları, Gəncə və Sumqayıt şəhərinin sakinləri də bu xidmətdən yararlana biləcəklər. Yaxın gələcəkdə isə qeydiyyat yerindən asılı olmayaraq, bütün respublika üzrə vətəndaşlara bu xidmət göstəriləcək.
2 saylı ASAN xidmət mərkəzi yaxın zamanlarda istifadəyə veriləcəyi bildirilir. Qeyd edək ki, Dövlət Agentliyinin saytı artıq fəaliyyətə başlayıb. Saytda “ASAN xidmətlər”, “Onlayn növbə”, “Çağrı” mərkəzi”, “Onlayn əlaqə”, “Faydalı məlumat”, “Özünə xidmət”, “Səyyar xidmətlər”, “E-ASAN”, “Müraciət göndər” və digər bölmələr fəaliyyət göstərir. “Müraciət göndər” bölməsi vasitəsilə ölkə vətəndaşları etik davranış qaydalarının pozulması, müvafiq qurumda çalışan şəxslərin qərəzli münasibəti və digər məsələlərlə bağlı şikayət edə biləcəklər. Yanvarın 15-dən “Onlayn növbə” bölməsində isə vətəndaşlar ASAN Xidmət mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbə tutmaq imkanına malik olacaqlar. ASAN xidmət" mərkəzləri təqvimin bütün günlərində saat 10:00-dan 20:00-dək fasiləsiz fəaliyyət göstərəcək.