Nizami Gəncəvinin kəndində: 12-ci əsrdən REPORTAJ
10 sentyabr 2013 13:19 (UTC +04:00)

Nizami Gəncəvinin kəndində: 12-ci əsrdən REPORTAJ

“Nizami yazırdı ki, ona bağışlanan kənd dar bir kürəyə bənzəyirmiş. Bu kəndin qalıqları da Kor və Kürək çayları arasında dar bir kürə formasında uzanır”.

Bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəhbəri Arif Məmmədov deyir.

 

A. Məmmədov onu da deyir ki, aparılan arxeoloji qazıntılar bir sıra faktları dəqiqləşdirməyə imkan verib. Bu vaxta qədər yazılanların bir çoxunda Nizami Gəncəviyə verilən Həmidünya kəndinin yeri bir neçə dəfə dəyişildiyi bildirilir. Amma...Amma arxeoloji qazıntılar zamanı müəyyənləşib ki, kəndin yeri heç də dəyişməyib.

 

- Həmidünya kəndi barədə Nizami öz əsərlərində də bildirib. Kənd şairə bağışlandıqdan sonra Qızıl Arslanın göstərişi ilə ora beş kilometr uzunluğunda saxsı borularla su xətti çəkilib. On dördüncü əsr tarixçisi Həmdullah Qəzvini qeyd edir ki, Gəncəviyə verilən kənd boz dağlardan təxminən üç kilometr aralıda yerləşir. Həmin kəndin yaxınlığından ticarət, karvan yolu keçir. Həmin yolun üstündə körpü var. Aparılan qazıntılar nəticəsində su boruları, göstərilən bütün obyektlər aşkarlanıb. Ərazidə Nizaminin əsərlərində bəhs etdiyi “Şirin bulaq” da tapılıb...

 

***

 

...Elə həmin kənddə gedirik. Goranboy rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyevlə birgə. İndi Həmənli adlanan bu kənd Goranboyun ən ucqar kəndlərindən biridi. Yeni çəkilmiş şose yolu kəndlə əlaqəni yaxşılaşdırıb. Yolun sağında “Həmənli” lövhəsini ötüb kəndə giririk. Yol boyu nar kolları bizi müşayiət edir. G.Hacıyev bu nar kollarının da Nizaminin əsərlərində xatırlandığını deyir: “Narlı kolluq”  kimi...

 

***

 

Kəndin içindən keçib ucu bucağı görünməyən düzənliyə gəlib çatırıq. Burada hər addım başı rastımıza çıxan saxsı qırıntıları sözün həqiqi mənasında tarixdən xəbər verir. Gündüz müəllim deyir ki, bura Beşgan düzüdü. Beşgan ərəb sözü olub “düzənlik” mənasını verir. Bu düz Böyük Qafqazla Kiçik Qafqaz arasında ən böyük düzdü.

 

- Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən şairə hədiyyə etdiyi Həmidünya kəndi bu yerdə olub. Həmidünya sözü zamanla Həmənli sözünə çevrilib. Bütün bunlar arxeoloji qazıntılar və yazılı mənbələrlə sübuta yetirilib. Qazıntılar zamanı həmin ərazidən Nizami dövrünə aid çox sayda maddi-mədəniyyət qalıqları,  metal əşyalar, numizmatik materiallar, ictimai binaların qalıqları aşkarlanıb. Bura ilk yaşayış massivlərindən biri olub. Nizaminin əsərlərində Beşgan, Şıx düzlərinin adına tez-tez rast gəlmək olur. Bizdən solda gördüyün boz dağları şair Bisütun dağına, Kür şayını isə Dəclə, Fərat çaylarına bənzədib. “Fərhad və Şirin” poemasında adı çəkilən “Şirin bulağı” da burdadı.

 

 

***

 

Yoldan xeyli uzaqlaşıb gəlib çıxırıq arxeoloji qazıntıların getdiyi yerə. Burada iki otaqdan ibarət yaşayış evinin qalıqları var. Hər otağın ayrı təndirlərinin olması bunların əslində iki ayrı-ayrı ev olduğunu göstərir. Gündüz müəllim deyir ki, belə yaşayış evləri Beşganda tarixən yaşayış olduğunu sübut etdiyini qeyd edir.

 

- Lakin naməlum səbəblərdən kənddə həyat dayanıb. Uzun illər kimsəsiz qalan kənd darmadağın olub, torpağa qarışıb. Sovetlər dövründə bu torpaqlar əkin sahəsi kimi istifadə edilib. Əgər biz burda geniş qazıntılar aparsaq, belə evlərin çox olduğunu görəcəyik. Burda tarix yatır.

 

***

 

Qızıl Arslanın göstərişi ilə Nizaminin kəndinə çəkilən  bulaq Beşdah düzündən təqribən on kilometr aralıda yerləşir. Maşının güclə getdiyi yolla gəlib çıxdıq bulağa. Düzü, bu bulağın suyunda sanki bir şirinlik var. Bulağın şirin suyundan içib, təxminən 150 metr aralıda olan, Nizaminin əsərlərində sözü gedən qədim məzarlığa üz tuturuq. Burada 7 qədim məzar var.

Məzarlıqdan əlavə burada Karvansarayın hasarları və kərpic istehsal edən dörd kürəxana aşkar edilib. Onu da qeyd edək ki, hazırda bu tarixi məkanın üstü açıq olduğundan yağış suları altındadı.

 

***

 

Kəndin çıxışında yol kənarında dayanmış ağsaqqal deyir ki, Həmənlinin Nizami Gəncəviyə Qızıl Arslan tərəfindən hədiyyə edildiyi barədə ulu babalarından eşidib. O deyir ki, tarixi Həmənli kəndi Şirin bulaq ətrafında olub. Sonrada o kənd ya zəlzələdən, ya da içməli suyun qıtlığından dağılıb. İkinci dünya müharibəsindən sonra kənd indiki yerinə köçüb. 1950-ci illərdə burada on beş-iyirmi ev olub. Sonralar artmağa başlayıb.

 

Əlyar baba onu da qeyd edib ki, əfsanələrə görə, o vaxt Şirin bu bulaqdan su içib.

 

***

 

Həmənlinin Şirin bulağının şirin suyundan dadıb Boz dağları arxamızda qoyub narlı bağdan keçib üz tutduq Gəncəyə. Bura qədər gəlib də böyük şairi ziyarət etməmək günah olardı.

 

Ləman Mustafaqızı,

Bakı-Gəncə-Həmənli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar