1918-ci ilin mart qırğınları necə başladı?
Keçmişdə zabitlər (əsasən cavanlar) tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Lənkərandakı «Dikaya diviziya»nın qoşun hissəsində Hacı Zeynalabdin Tağıyevin xidmət edən zabit oğlu Məhəmməd də bu yolla bəxtini yoxlayanda tapança açılmış, onu öldürmüşdür. Alay yoldaşlarından bir dəstə zabit cənazəni Bakıya gətirirlər, dəfndən sonra zabitlər geriyə qayıdarkən İmamverdi körpüsündə bir dəstə Qızıl qvardiyaçı matros onları tərk-silah edir. Bu hadisədən «Dikaya diviziya»nın şəhərdəki başçıları bərk narazı qalırlar.
«Cəmiyyəti-xeyriyyə»nin keçmiş katibi müəllim Rza Müslümov nəql edirdi ki, Novruz qabağı, bayrama bir neçə gün qalmış, gözəl yaz günlərindən birində «İsmailiyyə»nin qabağında Cəmiyyətin sədri Mirzə Əsədullayevi gözləyirdim. Birdən Bazar küçəsində səs-küy qopdu. Dönüb o səmtə baxanda gördüm ki, böyük bir izdiham «İsmailiyyə»yə tərəf gəlir. Bir anda məni araya alıb, binanın açarını tələb etdilər; dedim ki, sədrin icazəsi olmadan açarı verə bilmərəm. Açarları cibimdən zorla çıxartdılar. Hələ üstəlik pencəyimi də cırdılar, buxara papağım düşüb itdi. İzdiham anbaan artır, adamlar binaya soxulurdu. Baqqallar, göyərti satanlar, bazar adamları, avaralar, macəra axtaranlar pilləkanlara, foyelərə, eyvanlara, salona doldular. Səhnəyə stol qoydular. Başında yekə, yaşıl əmmamə, gözlərində qara eynək, çiynində əba Bakı qazisi Mirhüseyn Ağa başı əsə-əsə xitabət kürsüsünə qalxdı, ağlayaağlaya qışqırdı: «Vaveyla! Va müsibəta! Dinimiz getdi əldən, namusumuzu tapdaladılar. Ağ kəfənə bürünüb, cihad etməliyik». Sağ əlini əbanın altına salıb çıxartdığı əfsər tapançasını havaya qaldıraraq bərkdən qışqırdı: «Əsabiqun, əsabiqun, ilahikə müqəribun!», «Kəfənpuş olub cihadə çıxın! Bu yolda qan axıdanlar şühada hesab olunacaq».
Ehtiraslar daha da coşdu. Əynində qara mahuddan kostyum, başında buxara papaq, milyonçu Çolaq Ağabala xitabət kürsüsünə qalxdı, yoğun səslə qışqırdı: «Camaat, papağı başınıza nə üçün qoymusuz? İsti-soyuq üçün, ya ki namus üçün! Millət əldən gedir. Bu saat dəyirmandan 4.000 kisə un buraxıram. Girin meydana». Onun dalınca kürsüyə qoçu Aşurbəyov qalxdı, bircə söz dedi: «4.000 tüfəng, 200 qutu patron mən verirəm».
Hadisənin şahidi müəllim Ağa Məmməd Səlimxanov nəql edirdi ki, «Şamaxı yolunda, Üçüncü paralel küçəsinin tinində dayanmışdıq. On-on bir nəfər idik. Yuxarıda bir dəstə daşnak süvarisi göründü, yaxınlaşanda qabaqdakı dəstəbaşı bizə acıqlanıb, bərkdən dedi ki, dağılın. Hərə bir tərəfə üz tutdu; mülk sahibi qaldı darvazanın qabağında. Dəstəbaşı daşnak atı məhmizlədi. At çıxdı səkiyə və süvari bağırdı: «Köpək oğlu müsəlman, demirəm çıx get!». Kişi dedi: «Evimin qabağından hara gedim. Kəpək oğlu da sənsən, it oğlu da». Dəstəbaşı daşnak şallağı işə salanda, səkidəki adam özünü yana verib yerdən bir daş qapdı. Süvarilərdən biri cəld tüfəngi çiynindən götürüb atəş açdı, Kişi sərildi yerə... Elə bil hər şey tüfəng lüləsinin ucunda, ordan çıxan gülləyə bənd imiş, şəhəri atışma bürüdü».
Manaf Süleymanov: "Eşitdiklərim, oxuduqlarım. gördüklərim". Səh. 135-136
248