Dövlətçiliyimizin inkişafında Heydər Əliyev mərhələsi
02 aprel 2014 11:21 (UTC +04:00)

Dövlətçiliyimizin inkişafında Heydər Əliyev mərhələsi

Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsində, siyasi sabitliyin təmin edilməsində, hüquqi-demokratik dövlətin və vətəndaş cəmiyyətinin bərqərar edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur.
1993-cü ildə oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın etimadını qazanmış Heydər Əliyev bu andan etibarən çevik siyasət yürütməyə, müstəqil Azərbaycanın güclü iqtisadi, hüquqi dövlət quruculuğu yollarında ilk uğurlu addımlarını atmağa başladı. O, öz qarşısına bir məqsəd kimi ölkədə ictimai-siyasi sabitliyə nail olmaq, ilk öncə iqtisadiyyatı inkişaf etdirmək, onun dünya iqtisadiyyatına inteqrasiyasına nail olmağı, xarici investorların ölkəmizə marağını artırmağı, bir sözlə, Azərbaycanı hərtərəfli inkişaf etdirərək onu dünyaya tanıtdırmağı, beynəlxalq nüfuzunu artırmağı qoymuşdu.
Çox keçmədən Ümummilli Lider uzaqgörən siyasəti və ardıcıl həyata keçirdiyi məqsədyönlü iqtisadi və hüquqi islahatları vasitəsilə öz məqsədinə nail oldu. Heydər Əliyev bu yolda böyük fədakarlıq göstərmişdir. İlk belə addımlardan biri 1995-ci il 12 noyabrda ilk dəfə olaraq Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunması oldu.
1994-cü ildə uzunmüddətli danışıqlardan sonra müharibədə atəşkəs elan olundu. Yeni iqtisadi münasibətlər formalaşdırılmağa, sənaye, ticarət, nəqliyyat, məişət xidməti sahələri özəlləşdirilməyə, bank, maliyyə sistemi yenidən qurulmağa, inflyasiya tempi aşağı salınmağa başladı. Bundan sonra Azərbaycan iqtisadiyyatını inkişaf etdirməyə geniş imkanlar açıldı. Xarici investorların ölkə iqtisadiyyatına marağı artdı. Bu sahədə ən mühüm irəliləyiş Azərbaycan üçün həyati əhəmiyyəti olan “Əsrin müqaviləsi”nin imzalanması oldu.
İnsan hüquq və azadlıqlarının qorunması sahəsində ən mühüm addım kimi 1998-ci ildə ölüm cəzasının ləğvi oldu. Bununla da 2001-ci ilin yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul olunmuşdur.
Onun dövründə ictimai-siyasi sabitlik möhkəmləndirildi və vətəndaş cəmiyyəti quruculuğu prosesi başlandı. Vətəndaş cəmiyyətinin strukturu müəyyən olundu: siyasi partiyalar, qeyri-hökumət təşkilatları və digər vətəndaş təşkilatları. Söz və vicdan azadlığı bərqərar oldu. Dövlət elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı geniş siyasət həyata keçirməyə başladı. Milli-mənəvi dəyərlərin qorunmasına, azərbaycançılıq və soykökə qayıdışa diqqət yetirdi.
Beləliklə, Azərbaycanın təhlükəli siyasi vəziyyətdən keçib qısa vaxtda hamımızın böyük iftixar hissi ilə dilə gətirdiyimiz sabit, sakit duruma gəlib çıxmaq Heydər Əliyev siyasətinin təntənəsidir.
 

Ləman Xəlilova
"Azerbaijan Realities"qrupunun fəalı


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar