15 prokurorluq əməkdaşı cəzalandırılıb
17 yanvar 2013 16:02 (UTC +04:00)

15 prokurorluq əməkdaşı cəzalandırılıb

Yanvarın 17-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2012-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, hesabat dövründə 2011-ci illə müqayisədə şəhər üzrə 1597 hadisə və ya 14,1 faiz az - 9719 cinayət hadisəsi qeydə alınıb. Onların açılması 5,8 faiz artaraq 79,1 faiz təşkil edib. Göstərilib ki, 2011-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə cinayətlərinin sayı 11 hadisə, bağlı qalmış quldurluq cinayətlərinin sayı 3 dəfə, bağlı qalmış ölümlə nəticələn yol nəqliyyat hadisələri 6 fakt azalıb. Hesabat dövründə şəhərin digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində çoxsaylı qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması təmin edilib, əvvəlki ilə nisbətən hesabat dövründə qanunsuz narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb.

Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib, il ərzində prokurorluqda 531, daxili işlər orqanlarında isə 4104 cinayət işinin istintaqı yekunlaşdırılmaqla onların əksəriyyəti baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 2012-ci ildə əlaqəli şəkildə aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1996-cı ildə Cəlilabad şəhərində xəbərsiz itkin düşmüş hesab edilən V.Allahverdiyevin qısqanclıq zəminində, Xətai rayonunda Ə.Ağamirzəyevin, Nizami rayonunda Ə.Məmmədovanın  naməlum şəraitdə tamah məqsədilə qətlə yetirilmələri kimi xüsusilə ağır cinayətlərin açılması təmin edilib. Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2012-ci ildə qeydə alınmış 1 qəsdən adam öldürmə, 16 quldurluq, 10 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin işlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Prezident İlham Əliyevin 26.12.2012-ci il tarixdə imzaladığı “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizilk tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamla qarşıya qoyulmuş vəzifələrin qeyd-şərtsiz icrası, bu sahədə yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruru tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib. Əziz Seyidov ağır və xüsusilə ağır cinayətlərin açılması üçün kriminalistika xidmətinin işinin daha da gücləndirilməsinin, vaxtında istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin düzgün qurulmasının vacibliyini qeyd edib. Müşavirədə prokurorluq, istintaq və təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallar göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib. Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək, bu sahədə yol verilən pozuntular konkret misallarla, belə pozuntulara görə intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşlarının adları açıqlanmaqla hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə daha qayğı və həssaslıqla yanaşılması tələb olunub.

Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077
avatar

Oxşar yazılar