150 min tonluq bina, Aslanlı yol, gözünü qırpmadan növbə çəkən əsgərlər... - ANITQƏBİRDƏN REPORTAJ
10 noyabr 2014 12:00 (UTC +04:00)

150 min tonluq bina, Aslanlı yol, gözünü qırpmadan növbə çəkən əsgərlər... - ANITQƏBİRDƏN REPORTAJ

"Millətin sevgiləri xeyirli və faydalı çalışmalarda daim sizin yanınızdadır".

 

Böyük Türkiyəni əsarətin ağuşundan alan sərkərdə, Mustafa Kamal Atatürk 1881-ci ildə indiki Yunanınıstan ərazisində Səlanikdə doğulub. 1923-cü ildə Lətifə xanımla evlənib, bu evlilik 5 avqust 1925-ci ilədək davam edib. Uşaqları çox sevən Atatürk 7 qızı və bir çoban oğlunu mənəvi övladlığa götürüb, daha iki uşağı isə himayəsinə alıb. Türkiyə Cümhuriyyətinin ilk prezidenti olan Atatürk 1919-cu ildə Milli Qurtuluş Savaşına öndərlik edib, daha sonra Türkiyə Cümhuriyyətini qurub. Bütün həyatını mübarizəyə həsr edən Atatürkün səhhətində 1937-ci ilin sonlarına doğru problemlər yaranmağa başlayır. Buna baxmayaraq o, işlərini davam etdirir. Qaraciyər çatışmazlığından əziyyət çəkən Atatürk həmin il noyabrın 10-da saat 10-a 5 dəqiqə işləmiş Dolmabağça Sarayında vəfat edib. Böyük sərkərdə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilir. 15 il sonra mavzoley tikilir, 1953-cü il noyabrın 10-da Atatürkün nəşi oraya köçürülür. Ölkənin 81 vilayətindən gətirilən torpaq qablara yığılaraq qəbrin ətrafına düzülür. 10 gün sonra muzey ziyarətçilərin istifadəsinə verilir. APA TV-nin məlumatına görə, həmin gün 70 mindən çox insan məzarlığa axın edir. Türk xalqının və Ankarada qonaq olan hər kəsin ilk getmək istədiyi yer - Anıtqəbir.

 

"Anitqəbirin tikintisi üçün dünyanın bir çox ölkəsindən layihə gəldi.  49-dan çox layihə içərisindən biri seçildi və icrasına başlandı. Tikinti 9 il davam etdi. Bu möhtəşəm binanın çəkisi 150 min tondur".

 

32 metrlik bayraq dirəyini keçdikdən sonra 42 pilləlik nərdivanla mavzoleyə daxil olursan. Sağ tərəfdə Atatürkün türk gəncliyinə ithafı, sol tərəfdə isə Türkiyə Cümhuriyyətinin 10 illik yubileyində söylədiyi nitq yer alıb. Eyni ölçüdə olan ağaclar Anıtqəbirin hər tərəfdən görünməsinə şərait yaradır. Atatürkün hüzuruna çatmaq üçün 262 metrlik Aslanlı yolu qət etmək lazım gəlir. Aslanlı yolun özünün ayrıca bir tarixçəsi var.

 

"Yolun sağında və solunda 24 aslanın olması 24 oğuz boyuna işarədir. Türk mədəniyyətində güc simvolu olduğu üçün seçilən aslanların cüt olması, birlik və bütünlüyünü vurğularkən, aslanların pişik kimi pusquda yatmaq formasında təsviri barışsevərliyi simvolizə edir".

 

Mustafa Kamal Atatürkün nəşi 40 tonluq mərmərdən hazırlanan simvolik qəbrin altındakı məzar otağındadır. Məzar otağı ilk dəfə 2003-cü ildə görüntülənib. Ziyarətçilər Atatürkün qəbrini yalnız hərəkətli kameralar vasitəsi ilə izləyə bilərlər.

 

Anıtqəbrin ən önəmli bölmələrindən biri Atatürk Muzeyidir. Burda nələr yoxdur? Hər xırdalığına qədər göstərililən Çanaqqala və Sakarya müharibəsi bölməsi, Atatürkün geyimləri və ona edilən hədiyyələr və daha nələr. Atatürkün özəl həyatında son dərəcə zövqlə geyinən insan olduğu deyilir. Onun orijinal geyimləri də eksponatlar sırasındadır. Köynəklərinin hamısı ağ rəngdədir. O, köynəklərini əvvəllər İsveçrədə, sonralar isə yerli maldan istifadə kampaniyasına dəstək üçün İstanbulda bir dərziyə tikdirib. Kostyumlarının dizaynını həmişə özü hazırlayıb. Heç vaxt göy rəngli kostyum geyinməzmiş. Boyu 1 metr 74 santimetr olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kiloqramı keçməyib. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kiloqrama qədər düşüb. 43 ölçülü qara parlaq ayaqqabı geyinib. Adını çəkdiyimiz bütün geyimləri, aksesuarları, özünə və ailəsinə aid fotoları, silahları, zəngin kitabxanasında yer alan 3118 kitabı bu  muzeydə saxlanılır. Atatürkün cənazəsini daşıyan orjinal tabutu və top arabası, istifadəsində olan maşınlar hamsı olduğu kimi saxlanılır. Atatürkün atlardan sonra çox sevdiyi heyvan it olub. "Fox" adlı iti həmişə yatağının ucunda yatarmış. Elə həmin itin də maketi hazırlanaraq, muzeyə qoyulub. Bir də "Zeybək"i xoşlayar və sevə-sevə oynayardı. Buna aid fotoları da muzeydə görmək olar.

 

"Bu məzarlıqda insanlarda daha çox həssaslıq yaratmaq üçün memarlar fərqli layihə düşünüb. Məsələn, Aslanlı yolda yerə vurulan daşlar tərs mütənasibdir. Hətta arasından otlar da çıxır. Bu səbəbdən də insanlar sağa-sola baxmır və diqqətini yola yönəldir. Başıaşağı yerimələri onlarda kədərli bir görüntü yaratmaq məqsədi daşıyır".

 

Anıtqəbirdə bütün ziyarətçilərin maraqla gözlədiyi bir an var. Keşik çəkdikləri iki saat ərzində az qala nəfəs belə almayan, gözlərini qırpmayan əsgərlərin növbə dəyişdirməsi. Ən qısa boylusu 1metr 80 santimetr olan əsgərlər bu vəzifələrini şərəflə yerinə yetirirlər. Bu gün Ankaranın ən hündür nöqtəsində qurulan Anıtqəbir sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətini özündə birləşdirən Atatürkə sayğısını göstərir. Elə türkiyəlilərin öz sözləri ilə desək Atatürk ölməzdir, o, türk dövlətçiliyi tarixində əvəzsiz xidmətlərinə görə həmişə yaşayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Oxşar yazılar