Azərbaycanda 12 illik təhsilə keçidlə əlaqədar təhsilin infrastrukturunda dəyişiklik olunacaq. Bunu APA-ya açıqlamasında Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov deyib. O bildirib ki, təhsil quruluşunun dəyişilməsi nazirlik tərəfindən geniş şəkildə müzakirə olunmalıdır. Ölkə təhsilinin strukturunun müəyyən qədər dəyişdiriləcəyini deyən A.Mehrabov qeyd edib ki, bunun hansı formada həyata keçiriləcəyi hələlik dəqiqləşdirilməyib. Onun sözlərinə görə, ölkədə 12 illik təhsilə keçilsə, buna uyğun olaraq profillər üzrə tədrisə keçilməlidir: “Burada 9 il icbari təhsil, sonrakı 10-11-ci siniflərdə isə profillər üzrə tədrisə keçiləcək. Eyni zamanda, şagirdlərin mini proqramlar üzrə hazırlanması aparılacaq. Kim riyaziyyat, kimya, informatika və ya digər fənləri daha dərindən öyrənmək istəmirsə, bu şagirdlər üçün tədris mini təhsil proqramına əsasən keçiləcək. Kurrikulum sisteminin mini proqramı var ki, bu da tədris buna uyğun qurulacaq”.
A.Mehrabov qeyd edib ki, ölkədə ümumi orta təhsilin müddəti dəyişsə, ayrı-ayrı pillələrə verilən müddət də dəyişilə bilər: “Bir çox ölkələrdə pillələrə verilən müddət müxtəlifdir. Azərbaycanda isə 11 illik ümumi orta təhsilin 9 ili icbari hesab olunur. 9 illik icbari təhsilin isə 4 ili ibtidai, 5 ili orta, 2 ili isə tam orta təhsil pilləsidir. Ola bilər ki, keçidlə əlaqədar olaraq bu pillələr dəyişsin. Əgər pillələr dəyişilərsə, tədrisin məzmununda müəyyən dəyişiklər və sürüşmələr olacaq. Yuxarı siniflərdə tədris olunan bəzi materiallar ibtidai sinifdə tətbiq oluna bilər”.
Təhsil Problemləri İnstitutunun direktoru qeyd edib ki, bu gün ümumi orta təhsildə sıxlıq çoxdur və şagirdlər çox yüklənir. Onun sözlərinə görə, bu sıxlığın qarşısını almaq üçün bu yüklənmə müəyyən səviyyələrdə dəyişdiriləcək və bölüşdürüləcək.