"Xarıbülbül" mükafatı
15 iyul 2021 13:03 (UTC +04:00)

"Xarıbülbül" mükafatı

"Xarıbülbül" mükafatı 1000 manata satılır? - Təşkilatçıdan İDDİALARA CAVAB - FOTOLAR

Bakıda baş tutan “Xarıbülbül” mükafatlandırılma mərasimi sosial şəbəkələrdə etirazlara səbəb olub. Mərasimdən video və şəkillər paylaşan izləyicilər iddia ediblər ki, mükafat 1 000 manata bir çox şəxsə satılıb. 

İddialarla bağlı Lent.az-ın suallarını cavablayan mükafatlandırılma mərasiminin təşkilatçısı “Mirtalibli Group” şirkətinin rəhbəri Ləman Mirtalıblı bildirib ki, tədbir iyulun 13-də baş tutub:

“Mirtalibli Group” şirkətinin rəhbəri Ləman Mirtalıblı

“Tədbirdə “Xarıbülbül” və “Azerbaijan Best Awards” mükafatlarının verilməsi ilə yanaşı yeni jurnalımızın təqdimatı da keçirilib. Bildirim ki, 2016-cı ildən etibarən mükafatlandırılma tədbirlərimi həyata keçirirəm, ancaq pandemiya ilə əlaqədar baş tuta bilmədiyi üçün qərara gəldim ki, jurnal ərsəyə gətirim və uğurlu şəxslər haqqında məlumatlar orada yazılsın.

Tədbirlərin keçirilməsinə icazə verildikdən sonra isə hazırlıqlara başladıq. Mərasimdə iştirak edən şəxslər tək “Xarıbülbül” mükafatına görə yox, həm digər mükafata görə, həm də jurnal təqdimatına gəlmişdilər. Onlar arasında iş adamları, sahibkarlar, mütəxəssislər, jurnalistlər, sənət adamları, qazilərimiz və s. var idi”.

“Xarıbülbül”lə bağlı səsləndirilən iddiaları cavablandıran şirkət rəhbəri bildirib ki, paylaşılan “screen”lər qurama olub və yalandır:

“Yayılan görüntülər barədə məlumatlı idim, sadəcə gözləyirdim ki, tədbir baş tutsun və bununla bağlı müvafiq addımları atım. Yazışmaların yayılması hüquqi tərəfdən düzgün deyil. Bununla yanaşı orada olan söhbət təhrif olunub. Həmin səhifə isə məni bloka atıb. Yazan şəxs uğurları və qazandıqları mükafatlarla bağlı məlumatlar vermişdi. Sonradan həmin hissələri silib və bəzi yazışmaları yayımlayıb. 

Mükafat qarşılığında 1 000 manat almağımız isə uydurmadır. Orada yazılan 1 000 manat mükafat verilməsi üçün yox, iştirak haqqı üçün olub. Sözügedən məbləğə isə həmin vətəndaşın uçuş biletləri, otel xərcləri və s. daxil olub. Mükafat heç kəsə satılmır və bunu ancaq layiq olan şəxslər ala bilir”.

L.Mirtalıblı qeyd edib ki, baş tutan tədbirdə 80 nəfərə yaxın şəxs iştirak etsə də, onlardan təxminən 50-nə “Xarıbülbül” mükafatı verilib:

“Bir daha qeyd edim ki, heç kəs tədbir üçün 1 000 manat ödəniş etməyib. Bundan əvvəlki tədbirlərdə iştirak haqqı var idi. Bunun olmasının səbəbi isə məkanın icarə pulunun qarşılanması, yemək masaları xərcləri, çəkilişlər və s. olub. “Xarıbülbül”lə bağlı isə heç kəs iştirak üçün pul verməyib. Tədbirin keçirilməsinə dəstəyi ailəm, dostlarım edib”.

Şirkət rəhbəri kimlərin “Xarıbülbül” mükafatı almasına da aydınlıq gətirib:

“Mükafatlar II Qarabağ Müharibəsi zamanı vətənimizə göstərilən maddi və mənəvi dəstəkdə iştirak edən şəxslərə verilib. Onlar arasında iş adamları, həkimlər, jurnalistlər, sənət adamları, qazilərimiz və s. yer alıb. Mükafat alanlardan biri hamımızın tanıdığı Fəxriyyə Xələfova 4 qazimizin əməliyyat xərclərini ödəyib. Müğənni Habil Əhmədov xaricdə olan dostlarına məlumat göndərərək, pul yığıb və maşın-maşın ordumuza yardımlar göndərib. Eləcə də Ayaz Babayev yaratdığı qrupa izləyicilər toplayaraq informasiya müharibəsində qalib gəlməyimiz üçün əlindən gələn hər şeyi edib. İş adamları ordumuza edilən yardımlarda yaxından iştirak edib, jurnalistlər bütün günü bununla bağlı paylaşımlar edib və s.

Biz dövlət qurumu deyilik, özəl şirkətik. Və çalışırıq ki, az da olsa dəstək ola bilək. İnsanlar qınayırlar ki, nə üçün tədbirə şəhid analarını dəvət etməmişik. Onlar mənim başımın tacıdır və əllərindən öpürəm. Orada yeyib-içmək masası, musiqili proqram olduğu üçün utandım ki, şəhid analarını ora çağırım. Amma mən ora qazilərimizi dəvət etməyi özümə borc bildim və onlar da mükafat alan şəxslər arasında oldu”.

L.Mirtalıblı son olaraq stilist Syama Həsənova və “Atəşgah” rəqs qrupuna “Xarıbülbül” yox, “Azerbaijan Best Awards” mükafatlarının verildiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9759
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar