Vətən Müharibəsi zamanı həlak olan  AZYAŞLILAR   - SİYAHI
27 sentyabr 2021 17:41 (UTC +04:00)

Vətən Müharibəsi zamanı həlak olan AZYAŞLILAR - SİYAHI

44 günlük Vətən müharibəsi zamanı Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Lent.az erməni vandallığı nəticəsində həlak olan uşaqlarla bağlı məlumatları təqdim edir.

10 aylıq Narin Xaliqova - 2019-cu il dekabrın 19-da Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan Narin 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak olub.

1 yaşlı Mədinə Şahnəzərli - Oktyabrın 17-də Ermənistanın Gəncəyə raket hücumu nəticəsində Mədinə ilə birlikdə valideynləri də qətliamın qurbanları olublar. Ailədən sağ qalan Mədinənin bacısı Xədicə olub.


Şəhriyar Qurbanov və Fidan Qurbanova – 2007-ci il təvəllüdlü Şəhriyar və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan sentyabrın 27-də ermənilərin Naftalanı atəşə tutması nəticəsində həlak olublar.

Şəhərin Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində oxuyan Şəhriyar 7-ci sinifdə, Fidan isə 9 il təhsil alıb. Onlarla birlikdə ailənin digər üç üzvü də həlak olub.

Fərid İsgəndərov - Ermənistan ordusunun Ağcabədinin ağır artilleriyadan atəşə tutması nəticəsində həlak olub. Taynaq kənd sakini olan Fərid IX sinif şagirdi idi.

Fərid İsgəndərov

2007-ci il təvəllüdlü Artur Mayakov oktyabrın 17-də ermənilərin Gəncəyə "SCUD" tipi raket atması nəticəsində yaralansa da, 7 gündən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. A.Mayakov Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli məktəbin VII sinfində təhsil alırdı.

Artur Mayakov

Gəncə terroru nəticəsində vəfat edənlərdən biri də Nigar Əsgərovadır. Gəncə şəhər K.D.Uşinski adına 29 saylı məktəbin şagirdi olan Nigar X sinif şagirdi idi.  Oktyabrın 17-də həlak olan Nigarın bir gün sonra 15 yaşı olacaqdı.

Nigar Əsgərova

Eyni hadisə nəticəsində Gəncə şəhər K.Uşinski adına 29 saylı tam orta məktəbdə təhsil alan 1-ci sinif şagirdi Məryəm Xəlilli və onun qardaşı 6-cı sinif şagirdi Orxan Xəlilli də həlak olub.

Məryəm Xəlilli

Orxan Xəlilli

16 yaşlı Orxan İsmayılzadə Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində həlak olub. O.İsmayılzadə Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi idi.

Orxan İsmayılzadə

16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. Şahmalı Ağdam rayonu 94 saylı köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.

Bərdə faciəsində ölənlərdən biri də rayonun Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi olan Aysu İsgəndərova olub.


 

# 3708
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar