15 iyul 2021 20:17 (UTC +04:00)

Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq

Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib.


APA-nın məlumatına görə, qüvvədə olan qaydalara əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərinin qoyulması nəzərdə tutulurdu.

Dəyişikliyə əsasən, iki dəfə şərti çıxarılıb. Beləliklə, yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyacaq. Eyni zamanda Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının büstləri qoyulacaq.

İndiyə qədər yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırıblar. Dəyişikliyə əsasən,  Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin adları küçələrə, meydanlara veriləcək, yerli rayon (şəhər) icra hakimiyyəti orqanları təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılacaq. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ən azı iki ordenlə təltif olunmalarına dair şərt də ləğv olunub.

# 951
avatar

Oxşar yazılar