Sanator Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov Vətən Müharibəsi qazilərinə göstərilən xidmətlər haqqında danışıb.
Lent.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, M.Mürsəlov xidmətlər barədə bir çox sualları cavablandırıb.
- Buzovna Reabilitasiya Mərkəzi nə vaxtdan qazilərimizə xidmət göstərir?
- Ən müasir tələblərə cavab verən Sanator Kurort Reabilitasiya Mərkəzini Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyi tikib. Bu müəssisə yüksək keyfiyyətli avadanlıqlar və böyük praktikaya sahib olan tibbi personal ilə təmin olunub.
Sanator Kurort Reabilitasiya Mərkəzi 2020-ci il noyabrın 14-dən birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda şücaət və qəhrəmanlıq göstərən, Vətən Müharibəsi qazilərinin istifadəsinə verilib.
- Mərkəzdə neçə nəfər sağalaraq evə buraxılıb və neçə nəfər hazırda müalicə alır?
- Çox qısa zaman fəaliyyət göstərməyimizə baxmayaraq, 200-dən çox qazimizə xidmət göstərmişik, bunlardan 100-nəfəri müalicələrini bitirdikdən sonra öz ailəsinə və ya xidməti yerinə yola salınıb. Hazırda səhiyyə ocağımızda 70-ə yaxın qazimiz müalicə alır.
- Buzovna Reabilitasiya Mərkəzində qazilərimizə hansı xidmətlər göstərilir?
- Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimiz üçün bir çox xidmətlər göstərilir. Bir neçəsini qeyd edə bilərəm: Nevroloji və psixoloji müalicələr, fizioterapiya, bolneoterapiya, hidro-masaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti (əgər nitq qusurları varsa) təşkil olunub. Onu da qeyd edim ki, mərkəz qazilərimizin reabilitasiyasında istifadə olunan ortopedik vasitələr və geniş spektorlu “Giger” adlı cihazla təmin edilib.
- Sizə ən çox hansı şikayətlərlə müraciət olunur?
- Mərkəzimizə əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq hərəkət və periferik sinir sisteminin zədələnmələrindən sonrakı vəziyyət diaqnozları (paraplegiya , monoplegiya, tetraplegiya və müxtəlif növ kontrakturalar) ilə göndərilir. Bu diaqnozlar içərisində əsasən periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Qazilərimizdə nevrotik pozulmalar və psixoloji travmalar daha çox müşahidə olunur.
- Müalicəyə gələndə və müalicədən sonra qazilərimizin psixoloji durumunda hansı dəyişikliklər olur?
- Səhiyyə Nazirliyinin Sanator Kurort Reabilitasiya Mərkəzində qazilərimizə göstərilən xidmətlər içərisində nevropatoloqun və psixoloqun müalicəsinə xüsusi önəm verilir. Qürürla deyə bilərəm ki, müalicə kursu ərzində qazilərimizin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur.