"Ölkəmizdə məktəblərə və evlərə verilən internet kəskin fərqlidir".
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, bütün təhsil müəssisələrinə verilən internet "halal internet"dir, yəni təhsil üçün olan trafik süzgəcdən keçirilir:
"Bu trafikdə uşaqlar üçün zərərli ola biləcək informasiyalar minimuma endirilib.
Qeyd edim ki, 2019-cu ildə Telekommunikasiya haqqında qanuna “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunun tətbiqi ilə bağlı dəyişiklik edilib və abunəçilərin hüququ ilə bağlı yeni bənd əlavə edilib:
- 34.1.2-1. uşaqların zərərli informasiyadan qorunması üçün texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə müvafiq tədbirlər görülməsini tələb etmək.
Yəni, anlaşıqlı desək, əgər evdə azyaşlı uşaq varsa, valideyn provayderdən "halal internet" xidməti tələb edə bilər".