Uşaqlarımız niyə xarici cizgi filmləri  ilə böyüyürlər? - VİDEO
29 yanvar 2022 22:24 (UTC +04:00)

Uşaqlarımız niyə xarici cizgi filmləri ilə böyüyürlər? - VİDEO

Cizgi filmlər uşaqlıq çağlarımızın bir parçasıdır. Elə buna görə də hər birimizin uşaqlıqdan izləyib sevimlimizə çevrilən cizgi filmləri var. Bəs “Azərbaycan cizgi filmlərindən hansıları xatırlayırsınız” deyə soruşsalar, əsasən də gənc nəslin sayacağı siyahı təəssüf ki, çox uzun olmayacaq. Zəmanəmizin balacalarının siyahısında isə Azərbaycan cizgi filmlərinin adı belə yoxdur.

Uşaqlar bir çox bacarıqlarının inkişaf etdiyi bir dönəmdə niyə öz mədəniyyətimizin əks olunduğu animasiya filmləri ilə deyil, xarici cizgi filmləri ilə boyuyurlər? Niyə öz cizgi filmlərimizi tanımırlar? Və ya tanımaları üçün yetəri qədər cizgi filmi çəkilirmi?

- Niyə məşhurlaşmadı Azərbaycan cizgi filmləri? Niyə bizim uşaqlar əsasən xarici cizgi filmlərinə baxırlar?
Animasiya rejissoru Elçin Hami Axundov deyir ki, birincisi əlbəttə ki, bu animasiya filmlərini televiziyada yayımlamalıdırlar. Əfsuslar olsun ki, çox göstərmirlər televiziyalarda: “Vaxtilə hələ Sovet dövründə kinoteatrlarda animasiya filmlərini göstərirdilər. Amma müasir dövrdə yoxdur bu. Ara bir xarici animasiya filmləri göstərirdilər. Əlbəttə ki, uşağın tərbiyəsində ,milli ruhda tərbiyə olunmasında animasiya filmlərinin rolu böyükdür. Gərək milli mövzular olsun orada, gərək milli ənənələrimizi təbliğ edən filmlərimiz olsun. Əfsuslar olsun ki, yoxdur. İndi mütəxəssis yoxdur. Hansı isə proqramlarda işləyən uşaqlar var. Onlar 3 d max, Maya proqramlarını bilirlər, amma hərəkət qanunlarını bilmirlər”.

Lent.az-ın APA TV-ə istinadən məlumatına görə, Mədəniyyət naziri Anar Kərimov bu sahənin uzun illər diqqətdən kənarda qaldığını, milli- mənəvi dəyərlərə söykənən animasiya filmlərinin aktual olmadığını və yeni Azərbaycan cizgi filmləri çəkiləcəyini açıqlayıb. Elçin Hami Axundov isə deyir ki, yeni çəkiləcək cizgi filmlərində 44 günlük müharibə, qələbə mövzusuna toxunulmalıdır: “Biz müharibədən çıxıdıq, şanlı müharibə oldu. Bu mövzulara toxunmaq olar. Bizim adi həyat tərzimizi əks etdirmək olar. 50-ci illərdə bizim başımızı nənəmizin nağılları ilə aldatmaq olardı. Amma indiki uşaqlar müasirdirlər onların başını cırtdanla, tık -tık xanımla aldatmaq olmaz. Əlbəttə ki, müasir nöqtəyi nəzərdən yaxınlaşmaq lazımdır. Boş boşuna maraqsız film çəkməyin mənası yoxdur. Maraq dairəsini gərək biləsən.

Cizgi filmlərin ssenarisi yazılır, personajların şəkli çəkilir, musiqisi bəstələnir, son olaraq isə səsləndirilməsinə başlanılır. Biz hazırda cizgi filmlərin səsləndirildiyi studiyadayıq. Baxaq görək bu proses necə aparılır?

Cizgi filmləri əslində yaddaşımızın bir küncündə qalan ən maraqlı, ən saf xatirəmizdir. Bu filmləri böyüdükdən sonra da həyatın qaç-qovundan, sıxıntısından arınmaq üçün zaman- zaman yenidən izləyirik. Diqqətdən kənarda qalan, kasıblaşan cizgi filmi sahəsindəki boşluqların tezliklə doldurulmasını, öz doğma dilimizdə, öz mədəniyyətimizi aşılayan filmlərin çəkilib balacaların ixtiyarına verilməsini ümidlə gözləyirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Oxşar yazılar