Üfunət iyi, palçıqlı yollar və sahibsiz itlər... - VİDEO
21 dekabr 2021 13:11 (UTC +04:00)

Üfunət iyi, palçıqlı yollar və sahibsiz itlər... - VİDEO

Ucarın bəzi mərkəzi küçələri bərbad vəziyyətdədir.

APA TV-nin yerli bürosunun məlumatına görə, Ucar rayonunun ən böyük mərkəzi küçəsi olan Azərbaycan küçəsinin döngə 1, 2, 3 və Vəsilə Zahidova adına küçənin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. 

Eni 12 metr, uzunluğu 780 metr olan Vəsilə Zahidova adına olan küçənin sakinləri deyir ki, əvvəllər bu yol əla vəziyyətdə olub. Amma qonşu küçələrdə vəziyyəti daha pis olduğundan və bu yol rayonun mərkəzi bazarına apardığına görə, bütün sürücülərin bu yoldan istifadə eləməsi yolu qara günə qoyub. 70 ailənin yaşadığı Vəsilə Zahidova küçəsinin sakinləri deyir ki, küçənin normal kanalizasiyası da olmadığından qış aylarında yağan yağış suları çəkilmir. Bu səbəbdən də artıq yolda iri çuxurlar yaranıb.

Rayonun mərkəzində yerləşən Azərbaycan küçəsinin sakinlərinin problemi bir deyil, iki deyil. Vətəndaşlar bildirir ki, bilmirik sahibsiz itlərdən özümüzü qoruyaq, yoxsa burnumuzun dirəyini qıran üfunət iyindən şikayətlənək. Dözülməz iyin səbəbi küçədəki köhnə tikilidə yaranan zibillikdir. Sakinlərin sözlərinə görə, qadınları və uşaqları itlərdən qorumaq üçün mütləq əli zopalı bir kişi itlərin toplaşdığı məkandan onları ötürməli olur.

Rayon sakini Elvin Qədirov deyir ki, yolun bərbad olması səbəbindən təcili yardım maşını da bura çətin gəlir: “Gələndə də gec olur. Uşaqlar dərsdən gələndə bir dəst paltardan çıxırlar suyun içində olurlar. İndi quraqlıq olduğunda yol bir balaca yaxşı görünür. Yağış yağanda dizə kimi gölməçələr əmələ gəlir”. 

Mübariz Hüseynov isə bildirir ki, onun övladını iki dəfə it dişləyib: “Balaxanı zibilliyinə dönüb. Uşaqlar məktəbə gedə bilmir, yol palçıq, kanalizasiya işləmir. Mənim öz uşağımı iki dəfə it tutub burada. Məktəblə evimin arasındakı məsafə 100 metr olar. İtlərin qorxusundan uşaqları məktəbə maşınla aparmalı oluram. Yağış yağanda bura girmək mümkün deyil. Üfunət iyindən də burda yaşaya bilmirik. Balaca siçovullar uşağa cumur.”

Ucar rayon icra hakimiyyətinin Ucar şəhəri Ərazi Üzrə İcra Nümayəndəsi Abdulla İbrahimov şifahi olaraq bildirdi ki, adı çəkilən ərazilərdəki problemdən xəbərdardırlar. Sakinlər haqlı olaraq narazılıq edirlər. Rayonun digər daxili yollarında da problem hələ də qalmaqdadır. O bildirib ki, bir neçə küçənin yollarına asfalt örtüyü vurulsa da bütün yolları eyni vaxta təmir etmək mümkün deyil. Rayon daxili bütün yollar mərhələli şəkildə təmir olunacaq. Gələn ildən adı çəkilən yollara da asfalt örtüyünün vurulması planlaşdırılıb. Üfunət iyinə gəlincə isə, icra nümayəndəsi bildirdi ki, zibillik problemini kökündən həll etmək üçün də yolun bərpasını gözləyirlər.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sakinlər hələ uzun müddət də bir əli burnunda, bir əli zopada yaşamalı olacaq.

# 1833
avatar

Oxşar yazılar