Tütündən imtinaya necə başlamalı? -  MÜSAHİBƏ
31 may 2021 12:21 (UTC +04:00)

Tütündən imtinaya necə başlamalı? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev Ümumdünya Tütünsüz Günü ilə bağlı müsahibə verib.

Lent.az həmin müsahibədən bəzi hissələri təqdim edir:

- 31 may Ümumdünya Tütünsüz Günüdür. Bu günün mahiyyəti haqqında məlumat verə bilərsiniz?

- 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilib. Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Hər il mayın 31-də qeyd olunan Ümumdünya Tütünsüz Günü tütündən istifadənin təhlükələrindən, tütün epidemiyasına qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması məqsədilə ayrı-ayrı ölkələrin ictimaiyyətinin fəaliyyətindən xəbər verir.

Tütün vaxtından əvvəl ölüm, xəstəlik və əlillik hallarının qarşısı alına bilən əsas səbəbidir. Bu gün tütün dünyada böyüklər arasında on nəfərdən birinin ölümünə səbəb olur və səkkiz aparıcı ölüm səbəbinin altısı üçün risk amilidir. Hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir, onlardan 1 milyonu ətrafa yayılan ikincili tüstüsü ilə nəfəs alan tütünçəkməyən insandır.

- Tütündən imtina etməyə necə başlamaq lazımdır?

- Məlumdur ki, tütündən istifadə güclü asılılıq yaradır. Təcrübə göstərir ki, tütün istehlakçılarına bu vərdişdən imtina etməyə dəstək göstərilməsi üçün peşəkarlar, yəni hazırlanmış mütəxəssislər tərəfindən hətta qısamüddətli məsləhətlər, o cümlədən “qaynar telefon xətləri” üzərindən davranışa dəstək məsləhətləri faydalı ola bilər. Bilmək vacibdir ki, insanların əksəriyyəti siqaret çəkmir, çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır, onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Ona görə də bu zərərli vərdişdən imtina etmək istəyənlər ilk növbədə əmin olmalıdırlar ki, tütünçəkmədən xilas olmaq mümkündür və dünyada milyonlarla insan bunu bacarıb.

- Hazırda bizim ölkəmizdə də tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşların aktivliyi necədir, müraciət edənlər çoxdurmu?

- Azərbaycanda tütündən imtina etmək istəyənlərə dəstək olmaq məqsədilə  2021-ci il fevralın 1-dən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyətə başlayıb. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər “Qaynar xətt”ə zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər ala bilərlər. Bu günədək ölkəmizin demək olar ki, bütün bölgələrindən yüzlərlə vətəndaş bu xidmətdən faydalanıb. Tütündən imtina üzrə “Qaynar xətt”in nömrəsini bir daha xatırlatmaq istəyirəm: (+994 050) 800 70 45. Onu da vurğulayım ki, zəng edənlərin və ya bu nömrəyə votsapla müraciət edənlərin anonimliyi qorunur, onlara dair şəxsi məlumatlar heç bir halda paylaşılmır. Hər bir müraciətə fərdi yanaşılır, sualları cavablandırılır və tütündən imtina etmək istəyən hər kəsə lazımi psixoloji-tibbi tövsiyə verilir.

Eyni zamanda qeyd etmək istəyirəm ki, ÜST-nin ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil aplikasiyası hazırlanaraq istifadəyə verilib. Mobil əlavəni işə salan zaman gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Burada nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur.

- Bu istiqamətdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi daha hansı tədbirlər həyata keçirir?

- Əminliklə deyə bilərəm ki, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində müxtəlif Dövlət Proqramları çərçivəsində məqsədyönlü tədbirlər görür və fəaliyyət aparır. Bu iş sektorlararası əməkdaşlıq prinsipi ilə həyata keçirilir, müasir texnologiyalardan və sosial şəbəkələrdən istifadə edərək təşkil olunur və ictimaiyyət tərəfindən geniş dəstəklənir.

Vətəndaşlarımız bu istiqamətdə faydalı resurslarla və yeni məlumatlarla www.isim.az saytı və www.tobaccocontrol.az internet səhifəsi vasitəsilə daha ətraflı tanış ola bilərlər.

Qeyd edim ki, Azərbaycanda aparılan ardıcıl və məqsədyönlü tədbirlər və əldə edilən nailiyyətlər dünyada müsbət qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatının saytında Azərbaycanda tütünlə mübarizəyə dair görülən işlər ölkələrin uğurlu təcrübələri sırasında paylaşılıb. Bütün bu nailiyyətlər Azərbaycanda aparılan tütünlə mübarizə tədbirlərinin dünyanın bir çox dövlətləri üçün nümunə olacağına ümid verir.

- Müsahibənin sonunda bir daha nəyi vurğulamaq, hansı tövsiyələri vermək istərdiniz?

- Tütündən imtina cəhdləri bəzən uğursuz ola bilər, amma mən bu cəhdləri daha inamla təkrarlamağı tövsiyə edirəm. Əsas odur ki, insanın özündə tütündən imtina etmək istəyi olsun və bu vərdişdən qurtulmaq ümidini heç bir halda itirməsin. Nəticədə, tütündən imtina etmiş şəxs nəinki özünü, həm də yaxın və doğmalarını da tütün tüstüsü səbəbindən yaranan təhlükələrdən xilas edir.

Digər vacib məqam: siqaret çəkənlər bilməlidirlər ki, tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil! Tütün çəkməyi tərgitmək mümkündür və bu halların sayı getdikcə artaraq bir norma halını alır. Məncə, tütünlə mübarizədə bizim hər birimizi cənab Prezidentimizin sözləri fərəhləndirməlidir: “Mən özüm siqaret çəkmirəm, heç kimə də bunu məsləhət görmürəm”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar