Təyyarələrdə və xəstəxanalarda havanın mikrobioloji tərkibi araşdırılıb və məlum olub ki, atmosferdə üstünlük təşkil edən bakteriyaların böyük hissəsi insan dərisindən və ətraf mühitdən gələn zərərsiz mikroorqanizmlərdir.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla belə, tədqiqatçılar maraqlı bir fakt aşkar ediblər, havada xəstəlik törədən mikroblar olmasa belə, antibiotiklərə davamlılıq genləri yüksək səviyyədə yayılıb. Bu isə göstərir ki, antibiotik müqaviməti artıq ətraf mühitdə geniş miqyas alıb və hətta zərərsiz mikroblar arasında belə ötürülə bilir.
Hava necə tədqiq edildi?
Tədqiqatlar 2022-ci ilin yanvarında, pandemiya dövründə insanların qapalı məkanda, xüsusilə təyyarələrdə hava keyfiyyəti barədə narahat olduğu vaxt başlayıb.
Əvvəlcə alimlər təyyarələrin HEPA filtrindən nümunə almağı planlaşdırıb, lakin filtrin dəyişdirilməsi çox bahalı və çətin proses olduğundan, yenilikçi üsula keçilib:
ABŞ daxilində və beynəlxalq reyslərlə uçan sərnişinlərdən maska taxmaları xahiş edilib;
Uçuşdan sonra həmin maskalar hermetik paketlərdə laboratoriyaya göndərilib;
Bundan əlavə, tibb işçilərinin maskalarından da nümunələr toplanıb.
Tədqiqatçılar maskanın hava ilə təmas edən xarici səthində yığılan bakteriyaları analiz ediblər, yəni iştirakçının tənəffüs orqanlarından gələn mikrobları deyil, məkanın havasında dolaşanları.
Nəticə: insanlar mikrobların əsas mənbəyidir
Patogenlərdən qorxmağa baxmayaraq, alimlər müəyyənləşdirib ki, havadakı mikrobların əsas mənbəyi elə insanların özüdür.
Lakin tədqiqatçılar bildirirlər ki, bu fakt maska taxmağın əhəmiyyətini azaltmır. Maskalar öskürək və asqırıqla yayılan xəstəliklərin ötürülmə riskini ciddi şəkildə aşağı sala bilir.
Bundan başqa, mütəxəssislər əllərin yuyulmasını unutmağı tövsiyə edir, çünki xüsusilə xəstəxana və aeroport kimi insanların çox olduğu yerlərdə kontakt yolu ilə infeksiya yayılması daha geniş yayılıb.
Bu da maraqlıdır
Xatırladaq ki, əvvəlki araşdırmalar göstərib: elektron siqaretlər (veyplər) orta statistik ictimai tualet oturacağından 3000 dəfə çox bakteriya və göbələk daşıya bilər. Təcrübələr sübut edib ki, cihazın təmizlənmədiyi halda isti və rütubətli ağızlıq mikrobların çoxalması üçün ideal mühitə çevrilir.