Bu gecə Səbuhi Məmmədli qələminin ürəyi dayandı. Bu gün o, Tanrı dərgahından bizə baxır və özü haqqında yazılanları oxuyur...
O, sözün duz yükünün də, buz yükünün də ağırlığını bilən imza idi.
O, sözün köz yükünü, naz yükünə şələləməzdi, hər ifadəni “uzaq doqquzluğa” fərqli ayaqları ilə fırladardı.
Axırda ayaqlarını da elə sözün yolunda qurban verdi...
Ayaqlarını itirəndə də reportaj və yazı sənətimiz axsamadı, əksinə, zamana qarşı üçayaq, dördayaq yarışırdı...
Hər gün işə gəlib-gedirdi, bəlkə də yazı lentini daha da zənginləşdirmək istəyirdi.
Bəlkə də Lent.az onun üçün dünyanı boyamaq istədiyi tünd rənglərin ay işığı idi.
Yeri gəlmişkən, bir dəfə mənə demişdi ki, sənin yazıların içimə yaxındır, çünki tünd rəngləri sevirəm...
Tanışlığımızın tarixi on ildən də o yanadır. Bu illər ərzində onun haqqında bir nüans heç vaxt diqqətimdən yayınmadı: Cənab Məmmədli sözü gəlinlik donuna bürüməmiş adam içinə çıxarmazdı.
Onun hadisə haqqında hər cümləsi təzə gəlinə bənzəyirdi. Bir az həyəcanlı, bir az ürkək, bir az da təbəssümlü...
Özünəxas dəst-xətti ilə Azərbaycan reportaj jurnalistikasında yeni cığır açdı. O, həmişə qələmini ağ atlı oğlan kimi “çapırdı”...
Səbuhi Məmmədli ustad idi. Hər reportajı da özündən sonrakı nəsillər üçün ustadnamə statusundadır.
Yazısı da təmkinli idi, bəzən cümlələrin isti qucağında oturub soyuq baxışlarla onu oxuyan oxucuya da göz vura bilirdi.
Bütün yazdıqları əvvəl ürəyinin, sonra ağlının süzgəcindən keçirirdi.
Xarakteri mürəkkəb olsa da, sənətkar kimi “fənafüillah” mərhələsinə qədər yüksəlmişdi, ağappaqlaşmışdı...
Səbuhi Məmmədli imzasını görəndə vaxt tapmayan oxucu da vaxtını dayandırırdı. Çünki onun yazıları vaxta və zamana yox, yaradıcılığa işləyirdi.
Səbuhi qələmi əlinə alanda bütün istedad imkanlarını “döyüşə” səfərbər edirdi.
Müşahidələrini nişangahdakı bütün hədəflərin içindən və çölündən keçirib naturanı öz boyaları ilə rəngləyirdi.
Onun boyalarında tünd rənglər daha çox sevilirdi. Çünki həmin boyaların boyu sərv ucalığında idi.
Bu gecə Səbuhi Məmmədlinin ürəyi dayandı... Təkcə onun yox, elə Azərbaycan reportaj jurnalistikasının tünd rənglərinin də...
Sonuncu görüşümüzdə adama bir siqaret yandırdıq həyətdə...
İndi siqaret tüstüsünün lal notlarının sədaları altında və içimin dirijorluğu ilə bu yazı ilə səninlə sağollaşıram, bəy.
Son evin işıqlı olsun, cənab Məmmədli...
Tanrıya və bütün yuxarıdakılara bizdən salam söylə, de ki, alın yazılarının varaqlarını səninki kimi ağ göndərsin...
Ora çatan kimi burada gördüklərindən yazarsan, qələminin səsini mütləq eşidəcəyik.
Tanrıya salam söylə, cənab Məmmədli, sən salamımızı çatdır, O özü başa düşəcək...
Yeni dünyan mübarək olsun, maestro!
Tural Turan
17 yanvar 2024