Suyun qiyməti niyə artdı? - RƏSMİ CAVAB -VİDEO
31 yanvar 2021 16:42 (UTC +04:00)

Suyun qiyməti niyə artdı? - RƏSMİ CAVAB-VİDEO

Su təchizatının tarifinin dəyişməsinin səbəbləri açıqlanıb. 

Tarif Şurasının katibi Ceyhun Nəcəfov APA-ya açıqlamasında bildirib ki,  “Azərsu” ASC tərəfindən Tarif Şurasına müraciət olunub. 

Müraciətdə bildirilib ki, son illər  “Azərsu” ASC  tərəfindən həyata keçirilən su təchizatının coğrafiyası, fasiləsiz su təchizatının əhatə dairəsi genişlənib. Bunun nəticəsində də elektrik enerjisi və digər xərclər artıb: " Buna görə də artıq mövcud tariflə əldə olunan gəlir xərcləri qarşılamır və bununla bağlı dövlət büdcəsindən subsidiya ayrılır".

Eyni zamanda  “Azərsu” ASC müraciətində qeyd edib ki, xidmətin davamlılığının təmin edilməsi, keyfiyyətin yüksəldilməsi , eyni zamanda dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün tariflərin artırılması zəruridir. 

Tarif Şurasının katibi deyib ki, məsələ Tarif Şurasının iclasında müzakirə olunub: “İclasda bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub”.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində “Azərsu” ASC-nin xərclərin ödənilməsi üçün 45 milyon manat subsidiya nəzərdə tutulub. Su təchizatının tarifinin tənzimlənməsi  nəticəsində dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması dayandırılacaq, bu vəsait sərbəstləşərək, ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək. Tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, son tarif tənzimlənməsi 2016-cı il mayın 13-də aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb. “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlib. 2016-2020-ci illərdə orta aylıq əməkhaqqı 41%, pensiya 69% artıb. 

Hazırda orta aylıq əməkhaqqı 703,5 manat təşkil edir. Bundan əvvəlki tarif dəyişikliyi aparılmış 2016-cı ildə orta aylıq əməkhaqqı 500 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6753
avatar

Oxşar yazılar