Şuşa türməsindən REPORTAJ -FOTOLENT
26 yanvar 2021 14:08 (UTC +04:00)

Şuşa türməsindən REPORTAJ-FOTOLENT

Məşhur Şuşa türməsi.

Bu divarlar arasında çox sirr yatır. Nələri, kimləri görməyib bu divarlar?

Şuşa türməsi Çar Rusiyası dövründə  - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırır.

Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.

Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb.

Şuşa türməsi həm də tarixi abidə, arxitektura nümunəsidir. Buna görə də bura tikinti-arxitektura baxımından öyrənilməli, qorunmalıdır.

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, ət qatı cinayətkar hesab olunan şəxslər əsasən cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub.

Rusiya İmperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkib.

1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.

İşğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülkü azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.  

SSRİ-də ən dəhşətli türmələrdən hesab olunan və iki əsrə yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir. 

Həbsxananın qapısından içəri girəndə tükürpərdən mənzərə ilə qarşılaşırsan. Kameralardan gələn üfunət iyi adamın başını çatladır. Kirli divarlar, yarıqaranlıq otaqlar, ağır dəmir qapılar burda saxlanan insanların necə dəhşətli günlər keçirməsi haqqında ilk baxışdan təəssüratlar oyadır.

Yanıma gələn əsgər məni Dilqəmlə Şahbazın saxlanıldığı kameraya apara biləcəyini deyir. Əsgərlə tək adamlıq kameralar olan yerə gəlirik. Dilqəm Əsgərov və Şahbaz Quliyev 6 il burada saxlanılıblar. Görəsən onları hansı kamerada saxlayıblar?

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülmüşdü. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulmuş, "məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdular.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı 4 oktyabr 2020-ci ildə Dilgəm Əsgərov və Şahbaz Quliyev saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana aparılmışdılar. Onlarla bərabər digər məhbuslar da Şuşadan Ermənistana köçürülmüşdü.

Onlar Şuşa türməsində erməni zülmünə məruz qalan sonuncu azərbaycanlı oldular. Daha sonra isə Ali Baş Komandanın təkidi ilə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilərək, Ermənistandan Azərbaycana qaytarıldılar.

Adamın ağlından nələr keçmir? Görəsən, yaşından, cinsindən asılı olmayaraq azərbaycanlı əsirlər, girovlar burda hansı işgəncələr görüblər, hansı vəhşiliklərlə üzləşiblər? Neçəsinin meyiti çıxıb burdan, neçəsi işgəncələrdən şikəst olub? Kameraların qapısını bir-bir açıb içəri girirəm. Sanki kameraların divarlarında Rusiya İmperiyasının, SSRİ-nin həbsxana nəzarətçilərinin, son dövrlər isə erməni işğalçılarının burada saxlanan insanlara verdiyi iztirabların rəsmi canlanır. Bu kameralarda sındırılan qol-qabırğaların, ayaqların, dişlərin, burunların, başların səsi, dırnaqları çəkilən insanların fəryadı gəlir adamın qulağına. İnsanı vahimə bürüyür. Nə dəhşətli yerdir bura?

Qaranlıq türmə otaqlardan özümü çölə atıram, dərindən nəfəs alıb, min kərə şükür edirəm. Şükür edirəm ki, bu həbsxanada qanı tökülən, erməni zülmünə məruz qalan azərbaycanlıların qisası yerdə qalmadı. Düşmən 28 ildə öldürdüyü, işgəncə verdiyi hər bir azərbaycanlıya görə hesab verdi. Azərbaycan əsgəri “yenilməz erməni ordusu” mifini 44 gün ərzində darmadağın etdi. Torpaqlarımızı işğaldan qurtardı, günahsız insanların qisasını aldı. Qarabağın baş tacı olan Şuşanı azad etdi. Şuşa ilə bərabər tarixin canlı şahidi Şuşa həbsxanasını da həbsdən qurtardı. İndi Şuşa türməsi də azaddır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8886
avatar

Oxşar yazılar