Süni intellekt yaradıcısı bəşəriyyətin məhvindən qaçmağın  yolunu AÇIQLADI
06 mart 2026 18:43 (UTC +04:00)

Süni intellekt yaradıcısı bəşəriyyətin məhvindən qaçmağın yolunu AÇIQLADI

1

Süni intellekt sahəsinin xaç atası kimi tanınan doktor Geoffrey Hinton bildirib ki, süni intellektin bəşəriyyət üçün potensial təhlükəsinin qarşısını almaq üçün tamamilə yeni yanaşma lazımdır. Onun fikrincə, superintellekt səviyyəsinə çata biləcək sistemlərə daxili “ana instinktləri” yerləşdirilməlidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə alim Las-Veqasda keçirilən Ai4 sənaye konfransında çıxışı zamanı danışıb.

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bu sahədə mümkün riskləri məhdudlaşdıracaq mexanizmlərin yaradılması ilə bağlı çağırışlar getdikcə artır. Hinton hesab edir ki, süni intellekt daha güclü olub intellekt baxımından insanı üstələdikcə, bu sistemlərə qayğı və məsuliyyət prinsipləri də daxil edilməlidir.

Alim bu fikrini ana davranışı ilə müqayisə edib. Onun sözlərinə görə, analar instinktiv şəkildə övladlarını qoruyurlar və cəmiyyət də sosial normalar vasitəsilə bu davranışı dəstəkləyir. Hinton düşünür ki, oxşar prinsip inkişaf etmiş süni intellekt sistemlərinin hazırlanması üçün də istiqamət verə bilər.

“Daha ağıllı bir varlığın daha az ağıllı varlığın nəzarəti altında olduğu yeganə nümunə ana ilə uşaq arasındakı münasibətdir. Bizə sadəcə süni intellekt köməkçiləri yox, bir növ ‘süni intellekt anaları’ lazımdır. Köməkçini söndürmək və ya ondan imtina etmək olar, amma ananı yox”, – alim qeyd edib.

Bununla belə, tədqiqatçı etiraf edib ki, belə konsepsiyanın praktikada necə həyata keçiriləcəyi və nə dərəcədə effektiv olacağı hələ dəqiq məlum deyil.

Hinton daha əvvəl süni intellektin inkişafının bəşəriyyətin məhvinə səbəb ola biləcəyi ehtimalını təxminən 10 faiz qiymətləndirmişdi. İndi isə o hesab edir ki, bu risk 10-20 faiz arasında ola bilər.

Geoffrey Hinton süni neyron şəbəkələri sahəsində apardığı fundamental tədqiqatlara görə süni intellekt sənayesinin əsas pionerlərindən biri hesab olunur. Bu tədqiqatlar müasir maşın öyrənməsinin əsasını təşkil edir. O, bir vaxtlar minə yaxın mütəxəssisin süni intellekt texnologiyalarının inkişafını müvəqqəti dayandırmağa çağıran açıq məktub imzalamasından qısa müddət sonra Google şirkətindən ayrılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 736

Oxşar yazılar