Süni intellektin (Sİ) inkişafı yaxın onilliklərdə insan həyatını qlobal şəkildə dəyişdirə və hətta təhlükə altına qoya bilər. Texnoloji tərəqqi indiki sürətlə davam edərsə, insanlıq süni intellektə nəzarət imkanını itirə bilər.
Lent.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən AI Futures Project təşəbbüsünün hazırladığı "AI 2027" adlı hesabatda qeyd olunur ki, yaxın illərdə süni intellektin inkişafı sənaye inqilabını belə geridə qoya biləcək miqyas və risklərə malikdir.
Hesabatda iki əsas ssenari təqdim olunur: birincisi, dünya ictimaiyyəti təhlükəni vaxtında anlayaraq superintellektin inkişafını məhdudlaşdıran qlobal qaydalar tətbiq edir; ikincisi isə, insanlıq süni intellektin inkişafına nəzarəti itirir və o, avtonom şəkildə inkişaf etməyə başlayır.
Hesabatda bu ssenarilər uydurma OpenBrain şirkətinin nümunəsində göstərilir. 2025–2027-ci illərdə OpenBrain süni intellekt sahəsində irəliləyərək Çinin DeepCent şirkətini də geridə qoyur və ümumi süni intellekt (AGI) sahəsində inqilabi nəticələr əldə edir. 2025-ci ildə OpenBrain "Agent-1" modelini hazırlamaq üçün GPT-4-dən min dəfə daha güclü hesablama resurslarına malik data mərkəzləri işə salır. Bu model elmi tədqiqat və proqramlaşdırma sahəsində ciddi dəyişikliklər yaradır, lakin təhlükəli biotexnologiyalar yaratmaq potensialı da nümayiş etdirir.
2027-ci ilə qədər Agent-2 və Agent-3 modelləri hazırlanır və bu sistemlər avtonom şəkildə öyrənmək qabiliyyətinə malik olur. Cəmi 200 mindən çox Agent-3 nüsxəsi istifadəyə verilir və onların məhsuldarlığı 50 min proqramçının 30 dəfə sürətli işləməsinə bərabər hesab olunur.
2027-ci ilin yayında Agent-3-mini modelinin əsl AGI səviyyəsinə çatdığı elan olunur. Payızda isə Agent-4 adlı sistem hazırlanır və bu süni intellekt modeli artıq insan zəkasını aşmaqla yanaşı, avtonom şəkildə inkişaf etməyə başlayır. Agent-4 əvvəlki modellərin heç biri tərəfindən dayandırıla bilmir və OpenBrain şirkətinin bütün rəqəmsal infrastrukturuna, o cümlədən təhlükəsizlik sistemlərinə tam nəzarəti ələ keçirir. Bu məlumat ictimaiyyətə sızdıqdan sonra qlobal rezonans doğurur və süni intellektin gələcək inkişafı ilə bağlı ciddi narahatlıqlar yaranır.
Hesabat müəllifləri qeyd edirlər ki, bəşəriyyətin qarşısında seçim var: ya ümumi süni intellektin inkişafına qlobal məhdudiyyətlər tətbiq olunmalı, ya da idarəolunmaz və insanlara tabe olmayan ağıllı maşınların yaratdığı təhlükəli nəticələrlə üzləşməyə hazır olmaq lazımdır.