Lent.az Barış Harunun "Rəqsə gecikirəm" adlı yazısını təqdim edir.
Rəqs – bu xalqın ruhunda yaşayan zərif bir sənətdir. Bu, tarix boyu qəlbdən gələn duyğuların bədənlə ifadəsi olub. Səmimiyyətin, sevincli anların, içdən gələn bir ovqatın təzahürüdür.
Amma bu gün o səmimiyyət yerini süni pozalara, təmtəraqlı “story”lərə və səhnələşdirilmiş toylara verib.
Artıq dəb halını alıb: bəy və gəlin toylarına bir ay qalmış rəqs kurslarına yazılırlar. Onlar eyni vaxtda eyni addımı atmaq üçün günlərlə məşq edirlər.
Niyə?
Çünki kamera var.
Çünki “insta story” var.
Çünki "zəhləmgetmiş baldızım mənə baxır".
Sanki toy yox, şou proqram hazırlanır.
Əslində, məqsəd xoşbəxt olmaq yox, xoşbəxt görünməkdir.
Rəqs edən bədənlər, amma duyğusuz baxışlar...
Səhnə hazır, musiqi seçilib, xoreoqraf yanlarında – geriyə bircə şey qalır: içdən gələn sevgi.
Amma o sevgi yoxdur.
Onlar üçün toy bir mərasim deyil, bir təqdimatdır. Özlərini göstərmək üçün bir platforma. Qohumlar üçün yox, izləyicilər üçün planlaşdırılmış bir tamaşa.
Halbuki toy – iki insanın birgə həyata addım atdığı ən vacib andır. O andakı səmimiyyət, sadəlik və duyğu min dənə peşəkar fırlanma hərəkətindən daha dəyərli olmalı idi.
Amma bu gün biz onu da brendə, şablona, hazır pakete çeviririk.
Hələ bir də bu məşqlərin sosial şəbəkələrə yüklənməsi var: “Kocişlə son məşqlərimiz”.
Bu paylaşımlar, əslində, içi boş, süni bir həyatın göstəricisidir.
Rəqsi təhqir etmirik. Əksinə, onu bu qədər bayağılaşdıran düşüncəyə etiraz edirik.
Rəqs – ifrat təmtəraqla yox, daxili ahənglə gözəldir. O ahəngi kursla, repetitorla, səhnə işıqlandırmasıyla yaratmaq mümkün deyil.
Düşünürəm ki, rəqs müəllimləri fırıldaqçı və dələduzdur. Onlar rəqs öyrətdikləri insanların ruhlarını şeytana satırlar. Onlar insanları o qədər hissizləşdirib, robotlaşdırırlar ki, hətta süni intellektdən belə daha təhlükəlidirlər.
Əgər toy gününü bir səhnə, özünüzü isə aktyor kimi görürsünüzsə, onda o ailə ilk səhv addımı elə ilk rəqslə atır.
Çünki real həyat kamera qarşısında yox, səhnə arxasında başlayır.
Bir gün bütün kameralar sönəcək, story-lər silinəcək, alqışlar dayanacaq.
Ən sonda tək şey qalacaq: Siz və sizdən qalan səmimiyyət.