Sözünü tutdu: Azərbaycan bayrağına bükülüb gəldi - REPORTAJ
09 yanvar 2021 11:31 (UTC +04:00)

Sözünü tutdu: Azərbaycan bayrağına bükülüb gəldi - REPORTAJ

Xaçmazın Qaradağ Buduq kəndindən olan şəhid gizir Elməddin Alxasov Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb.


APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, əsgərlik vaxtı Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınıb.


Artıq altı ildən çox idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışırdı. 26 yaşlı Elməddin həm cənub, həm də şimal cəbhələrində döyüşərək düşmənə qan uddurub. Anası Əsli Alxasovanın sözlərinə görə, döyüşlərə Cəbrayıl-Füzuli istiqamətindən başlayan qəhrəman kəşfiyyatçı daha sonra Suqovuşanın azad olunması uğrunda əməliyyatlarda iştirak edib: “Elməddin yaxşı övlad, yaxşı oğul olub. Uşaqlıqdan, məktəb illərindən tərbiyəsi ilə seçilib. Əsgərlikdə də Murovda xidmət edib. Sonra öz istəyi ilə hərbidə işləməyə başladı. Müqaviləsi başa çatanda dedim ki, bəlkə başqa sahədə çalışasan? Amma razı olmadı. Aprel döyüşlərindən sonra yenidən xidmətə qayıtdı. Sentyabrın 27-də bacısına zəng edib deyib ki, müharibə başlayıb, döyüşürük. Şəhid olsam, anamdan muğayat ol”.


Müharibə günlərində evlə əlaqə saxlayan Elməddin düşmən cəbhəsini yararaq irəlilədiklərini bildirib. Şiddətli döyüşlərin getdiyini söyləyən gizir atası Rəsul kişiyə hər cür xəbərə hazır olmağı tapşırıb: “Müharibədən əvvəl danışanda deyirdi ki, ata, əmr gözləyirik. Axırıncı dəfə oktyabrın 1-də danışdım. Ordumuzun Suqovuşan istiqamətində irəlilədiyini söylədi. Həmin gün axşam anası ilə danışdı. Gecə isə döyüşlərdə şəhid oldu”.


Bacısı Sevil Alxasova Elməddinin döyüşlər haqqında həmişə yüksək əhval-ruhiyyə ilə danışdığını deyir: “Qardaşım vətənpərvər idi. Onun elə bil ürəyinə dammışdı. Müharibədən bir neçə gün əvvəl mənə şəkillərini göndərib yazırdı ki, bunları özündə saxla. İndi həmin şəkilləri böyüdüb çərçivəyə salmışıq. Qardaşım deyirdi ki, mən Azərbaycan bayrağına bükülü gələcəyəm”.


Elməddin Alxasov oktyabrın 2-də Qaradağ Buduq kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


Vəli Turan
Mais Allahverdiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2367
avatar

Oxşar yazılar