“Sözlə alınmayanda keçirdim yumruq davasına” – Deputatla QEYRİ-RƏSMİ  söhbət
13 may 2024 17:24 (UTC +04:00)

“Sözlə alınmayanda keçirdim yumruq davasına” – Deputatla QEYRİ-RƏSMİ söhbət

Lent.az-ın “Rəsmilərlə qeyri-rəsmi” rubrikasında növbəti qonağımız Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalıdır.

- Fəzail müəllim, bizi zəfəran çayı ilə qarşıladınız? Həmişə bitki çayları içirsiniz?


- Çalışıram, səhhətimə diqqət edim, ürəyə faydalıdır, ona görə zəfəran çayından istifadə edirəm.

- Səhhət demiş, Azərbaycanın səhiyyə sisteminə inamınız nə dərəcədədir? Xəstələnəndə  hara üz tutursunuz? 

- 90-cı illərdə xəstələnmişdim. Böyrəklərimdə problem yaranmışdı, o zaman mərhum prezidentimiz Heydər Əliyev məni İsveçə müalicəyə göndərdi. Sonralar Türkiyəyə üz tuturdum. Bizim səhiyyə sistemini İsveçlə müqayisə etmək istəməzdim, o yerə gedib çatmağımıza hələ çox var.

- Qarabağa , geriyə köç başlayıb. Siz Qərbi Azərbaycanda doğulmusunuz. Zəngəzura dönüb orada işləmək arzunuz var? 

- Mən varlığım qədər buna inanıram ki, tezliklə Zəngəzurda olacağıq. Gecələr də yuxularımdan çəkilməyən Zəngəzurun Qarakilsə kəndinin həsrətini çəkirəm. İnsan yaşa dolduqca onu doğulduğu torpaqlar çəkir özünə. Yaşlandıqca mənim də doğma yurd həsrətim daha da şiddətlənib. Ən böyük arzumdur ki, gedim, ata ocağımda torpağa dizimi qoyub, kəndimizin bulağının suyundan içim. Qayıdacam, buna heç kimin şübhəsi olmasın. Mən xoşbəxt insanlardanam ki, vətənimlə bağlı arzularımın hamısının reallaşdığını görmüşəm.

- Qarakilsədə keçən günlərinizi necə xatırlayırsınız?

- Biz orada yaşadığımız illərdə Sovet İttifaqının qüdrətli zamanlarının olmasına baxmayaraq, ermənilərin diskriminasiyası ilə üzləşmişik, onlar elə o vaxtlardan milli ayrıseçkiliyə yol verirdilər. Biz erməni uşaqlarının əlindən məktəbə dinc gedib gələ bilmirdik, rayon mərkəzinə alış-verişə gedəndə mütləq şəkildə təhqir edir, xoş olmayan ifadələr işlədirdilər. Ermənilər bizə türk deyib söyürdülər. Bir dəfə gəlib atamdan soruşdum ki, onlar bizə niyə türk deyirlər. O qədər köklərimizdən ayırmışdılar kimliyimizi bilmirdik. Atam dedi, “biz elə türkük”, bir bu cümləni dedi və susdu. Sonralar, tələbəlik illərimdə mən milli köklərimizlə bağlı axtarışa başladım. Uşaqlığımız bu səbəblə dava-dalaş içində keçib. Yaman dalaşqan uşaq idim. Döyülsəm də, ayağımı geri qoymurdum. Amma dərslərimi də yaxşı oxuyurdum. Evin böyük oğlu mən idim. 2 qardaş, 4 bacım var. Bacılarım əsla sözümdən çıxa bilməzdilər. Qardaşlarım da dediyimlə durub oturur, nə deyirdimsə, onunla hərəkət edirdilər. 

- Gənclikdə də davam elədi bu çılğınlıq? Yəqin qız üstə də dava eləmiş olarsınız?

- Bütün gənclər kimi yəqin olub (gülür). Mən çalışırdım qarşımdakını sözlə başa salım.  Bir dəfə, iki dəfə deyirdim, sözlə alınmayanda keçirdim yumruq davasına. İnqilabçı bir ruh var idi içimdə. Bunun hamısı oxuduğum kitabların, romanların təsirindən olub. Oxuyub özümü inqilabçı kimi görürdüm və sonrakı taleyimdə də oxuduğum inqilabi kitabların, xüsusən “Dumanlı Təbriz”in önəmli rolu olub.

-  Ömür keçir, yaş artır. İllər təbii ki, insanı dəyişir. Xarakterinizdə, düşüncənizdə dəyişməyən nəsə qalıb?

- Haqsızlığa qarşı susa bilməməyim dəyişmədən qalıb. Yalana dözümüm heç vaxt olmayıb, indi də yoxdur. Bu hətta başıma problem açıb, işimdən olmuşam, amma yenə  doğru bildiyimi demişəm. İndi də eləyəm. Biri yalan danışanda, haqsızlıq edəndə elə hamının içində üzünə deyirəm ki, düz eləmirsən. Sizə bununla bağlı bir xatirə danışım. 1983-cü ildə 36 yaşımda Gəncədə Texnologiya Universitetində kafedra müdiri işləyirdim. Dedilər Elmi Şuranın iclası olacaq, çox savadsız, pulgir adam olan Tofiq Qocayevin rektor namizədliyi müzakirə olunurdu. Mən həmin iclasda adamın üzünə qarşı dedim ki, siz rektor olmağa layiq deyilsiniz. Hamı üzümə tərs-tərs baxdı. Onun əleyhinə bir tək mən səs verdim. O seçildi və ondan sonra universitetdə qara günlərim başladı. Bəhanə edərək məni işdən çıxardılar. Gəlib Bakıda indiki İqtisad Universitetində işə girdim. Sonralar sabiq baş nazir Surət Hüseynovun da üzünə qarşı səhvlərini deyib, istefasını tələb etdiyimə görə, nazir müavini postundan ayrılmalı oldum. Bu gün də o xarakterimdə qalmaqdayam.

- Milli Məclisdə Nizam intizam komissiyasının üzvüsünüz. Amma bir zamanlar parlamentdə sizin də qalmaqallarınız olub.

- Yəqin ki, Hüseyin Abdullayevlə (Quska ləqəbli) olan hadisəni deyirsiniz. O məni təhqir etdi, ailəmə toxunacaq sözlər dedi və mən susa bilməzdim. Həddini bilmədi, həddini bildirdim. Ayağa qalxıb onu vurdum. İndi parlamentarilərin səviyyəsi başqadır, o zaman başqa idi.

- Yenidən deputat kimi namizədliyinizi verəcəksiniz?

-  Bəli.

- Oğlunuz partiyanızda çalışır. O, partiyada sizin siyasi varisiniz olacaq?

-  Partiya üzvləri seçsələr, olacaq. Ancaq dürüst seçkilər yolu ilə.

- Bayaq dediniz Təbriz , cənub həsrəti sizin taleyinizdə xüsusi rol oynayıb.

- Bəli, bizə tarix kitablarında Cənubi Azərbaycan barədə epizodik, ötəri məlumat verilirdi. Azərbaycanın bizdən qoparılmış böyük bir hissəsinin olması barədə yalnız ədəbiyyatdan öyrənirdik. Universitetə qəbul olunmağımda Süleyman Rüstəmin  yaradıcılığındakı cənub  həsrəti, Təbrizim şeirinin böyük rolu oldu.

- Taleyinizdə bu qədər rol almış Təbriz şəhərinə getmisiniz?

 - Yox. Bu prinsipiallıqdır. İran səfiri ilə aramızda söz-söhbət olmuşdu. Bir gün dedi niyə bu qədər tənqid edirsən, gəl yol açaq, biznesini qur, yaxşı qazan. Dedim “səhv qapını  döyürsən”. İrana dəvət etdi, dedim Ərdəbilə və Təbrizə mütləq gedəcəm, amma Şəhriyarın məzarını ziyarət edəcəmsə gələrəm. “Yox” dedilər mən də getmədim. Mən Cənubi Azərbaycana bütöv Azərbaycanın bir hissəsi kimi ayaq basacam. Və o gün uzaqda deyil. Şuşaya çəkilmiş iki yolun biri Zəngəzura, biri Cənubi Azərbaycana aparır.

- Bayaqdan müşahidə edirəm. Sanki əməkdaşlarınız sizdən çox çəkinirlər. Çox sərt insansınız?

- Hərdən qızım mənə deyir ki, ay ata nə olar üzünə bir az təbəssüm qoyasan. Sərt yox, ciddi insanam, yersiz hərəkətlər söhbətlər mənlik deyil.

-  Bildiyimə görə bir qızınız, iki oğlunuz var. Siz necə bir ata, necə bir qayınatasınız? Kənardan baxıb özünüzə necə qiymət verərdiniz?

- Onu bilirəm ki yaxşı babayam. Böyük nəvəmin 25, balaca nəvəmin 12 yaşı var.  Nəvələrimə həm maddi, həm mənəvi dəstək oluram. 8 nəvəm var. Azdır. İstəyərdim 20-25 nəvəm olsun. Nəvə başqa bir dünyadır. Bunu hamı deyir. Övlad sevgisi ilə nəvə sevgisi arasında böyük fərq var.

-  Xanımınızla sevib evlənmişdiniz?

- Seçib evlənmişdim.

-  İlk məhəbbətinizi xatırlayırsınız?

 - Onu kim xatırlamır ki...

-  ABŞ səfirliyinin sizə verdiyi fəxri vətəndaş adından imtina etdiniz. Qarşı tərəf buna hər hansı bir reaksiya verdi? Hər halda siz sıravi vətəndaş deyilsiniz, deputatsınız.

- 1990-cı illərdə bəzi deputatlarla birgə ABŞ-a səfər zamanı mənə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusu verdilər. Fəxri vətəndaş olanda bir vergi ödəmirsən, bir də seçkilərə qatılmırsan. Qalan bütün vətəndaş imtiyazları var. Düzünü desəm, fəxri vətəndaşlığı alandan sonra mən heç Amerikaya getmədim. İmtina eləməyimə səbəb ABŞ-ın dövlət katibi müavininin Azərbaycana qarşı hədyan çıxışları oldu. Dedim ki, dünyada bütün qanların, savaşların səbəbkarı olan bir dövlətin fəxri vətəndaşı olmaq istəmirəm. Mən vətəndaşlıqdan çıxmaqla Amerikaya bir şey olmadı, amma Azərbaycan vətəndaşı olaraq öz mövqeyimi ortaya qoydum. Bunu Amerikanın Azərbaycandakı səfiri bildi. Bildilər, amma reaksiya vermədilər.

- Həyatda ən böyük peşmançılığınız nədir?

-  Çətin sualdır. Elə bir şey çox olmayıb. Yalnız xanımımla aramızda keçən bir iş idi. Üzr istədim, o da bağışladı.

-  Müəllim, deputat yoxsa nazir? Hansında özünüzü rahat hiss edirsiniz?

- Hər üçündə. Amma deputat kimi daha rahatdır.
 
- Hansı ölkədə dincəlməyi sevirsiniz?

-  Azərbaycanda. İstənilən ən gözəl yerdə 1 həftədən çox qala bilmirəm. 

- Yevlaxdan deputat seçilməyinizə o vaxt orada icra başçısı işləyən Elmar Vəliyev mane olubmuş. Niyə?

 - Bizim o ailə ilə mehriban münasibətlərimiz olub. Mənim onlara çox yaxşılığım dəyib. Yevlaxdan namizədliyimi verdim. Səs yığma prosesi zamanı mənə zəng gəldi, Ramiz Mehdiyev dedi, sən oradan çəkil, Elmarın qardaşı Şahmar namizədliyini verəcək. Elmarın xarakteri qardaşlarından fərqlidir, o özünü fərqli apardı, ona görə də gəncəlilərin çox narazılığına səbəb olmuşdu. Qardaşı bu rəqabəti unutsa da, Elmar unutmadı. O hadisələrdən sonra aramız dəydi.

- Sizcə taleyinizin indiki kimi şəkillənməsində ən böyük rolu kim və ya nə oynayıb?

- İlk növbədə ulu öndərimiz Heydər Əliyevin adını çəkmək istəyirəm. Siyasətçi kimi formalaşmağımda onun müstəsna rolu olub. Bundan başqa, oxuduğum kitablar deyərdim, Elçibəyin universitetdə müəllimim olmasını deyərdim. Hələ 1969-cu ildə, o zaman 19 yaşım var idi, universitetdə oxuyanda biz gizli bir dərnək yaratmışdıq. Azərbaycanın Sovet İmperiyasının cəngindən qurtarıb, azad olacağı günə inanırdıq. Tələbə vaxtı bu barədə danışdığıma görə, başıma çox iş gəlib. Yolum elə o zamanlardan bəlli olmağa başlamışdı. Bayaq da dedim. Çox xoşbəxt insanam ki, dövlətimlə bağlı arzularımın, xəyallarımın gerçəkləşdiyini görmüşəm. Tək bir istəyim qalıb. Cənubi Azərbaycanda dalğalanan bayrağımızı görmək.
 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5169
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar